​"Qarabağ" "Kəpəz"i məğlub edib

​"Qarabağ" "Kəpəz"i məğlub edib "Qarabağ" XXIX turdan sonra 66 xalla turnir cədvəlinin vahid lideridir
Futbol
8 Aprel , 2016 18:52
​Qarabağ Kəpəzi məğlub edib

Bakı. 8 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start verilib. "Report"un məlumatına görə, turun açılış oyununda "Qarabağ" Gəncənin "Kəpəz" klubunu qəbul edib.

"Azərsun Arena"da keçirilən oyuna daha aktiv başlayan meydan sahibləri 17-ci dəqiqədə istəyinə nail olub. "Qarabağ"ın braziliyalı futbolçusu Reynaldonun topa toxunuşundan sonra top "Kəpəz"in futbolçusu Tural Axundova dəyərək qapıya gedib. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda ilk hissənin başa çatmasına 3 dəqiqə qalmış azarkeşləri bir daha sevindirib. Dani Kintananın 42-ci dəqiqədə vurduğu zərbə tora qovuşub. İlk hissə "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İkinci hissəyə də meydan sahibləri daha aktiv başlayıb. Nəticədə Mahir Mədətov matçın 62-ci dəqiqəsində hesab arasındakı fərqi artırıb - 3:0. Oyunun bitməsinə saniyələr qalmış son nöqtəni isə "Qarabağ"ın heyətində Samuel Armenteros qoyub. Bundan sonra qapılara qol vurulmayıb və "Qarabağ" 4:0 hesabı ilə qalib gəlib.

Beləliklə, "Qarabağ" XXIX turdan sonra 66 xalla turnir cədvəlinin vahid lideridir. Aktivində 45 xal olan "Kəpəz" isə dördüncüdür.

Qeyd edək ki, turun digər oyunları 9 və 10 apreldə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi