"Qarabağ" "Kəpəz"i məğlub edərək yenidən vahid liderə çevrilib - VİDEO

"Qarabağ" "Kəpəz"i məğlub edərək yenidən vahid liderə çevrilib - VİDEO Qarşılaşma Azərbaycan Premyer Liqasının XI turu çərçivəsində baş tutub
Futbol
5 Noyabr , 2017 16:58
Qarabağ Kəpəzi məğlub edərək yenidən vahid liderə çevrilib - VİDEO

Bakı. 5 noyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, lider "Qarabağ" Gəncədə autsayder "Kəpəz"in qonağı olub.

Görüş Ağdam komandasının qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 41-ci dəqiqədə Elvin Yunuszadə, 43-cü dəqiqədə isə Miçel vurub.

27-ci dəqiqədə "Kəpəz"in hücumu zamanı "Qarabağ"ın qapıçısı İbrahim Şehiçlə təkbətək çıxan Viktor Oseqeyl yerə yıxılıb. Baş hakim Rəhim Həsənov əvvəlcə penalti nöqtəsini göstərib. Lakin qonaq komandanın etirazından və köməkçiləri ilə məsləhətləşdikdən sonra FİFA referisi qərarını dəyişdirib.

Bu qələbə sayəsində "Qarabağ" xallarını 25-ə çatdırıb və yenidən vahid liderə çevrilib. Üstəlik, Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin ehtiyatda bir oyunu var. "Kəpəz" isə 7 xalla sonuncudur.

Turun ilk 2 oyununda "Qəbələ" "Səbail"i, "Sumqayıt" "İnter"i eyni hesabla yenib - 3:1. Tura bu gün saat 17:00-da başlanacaq "Zirə" - "Neftçi" görüşü ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası, XI tur

5 noyabr (bazar günü)

15:00. "Kəpəz” – "Qarabağ” - 0:2

Qollar: Elvin Yunuszadə, 41. Miçel, 43

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Elşad Abdullayev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Əhmədağa Cabbarov

Gəncə şəhər stadionu

Son xəbərlər

Orphus sistemi