"Qarabağ"ın polşalı legioneri mövsüm bitmədən vətəninə dönüb

"Qarabağ"ın polşalı legioneri mövsüm bitmədən vətəninə dönüb Yakub Jezniçak: "Çempionluğumuz artıq adi hal kimi qəbul olunur"
Futbol
2 May , 2018 12:47
Qarabağın polşalı legioneri mövsüm bitmədən vətəninə dönüb

Bakı. 2 may. REPORT.AZ/ “Çempionluğumuzu səfər matçında barışmaz mübarizədə rəsmiləşdirdik. Bu sevinci heç nə ilə müqayisə etmək olmaz. Bu, yeni bir mədəniyyət və təcrübədir”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Yakub Jezniçak “Przeglad Sportowy” portalına müsahibəsində deyib. 32 yaşlı polşalı mərkəz müdafiəçisi Ağdam təmsilçisinin çempionluğu rəsmiləşdirdiyini, Azərbaycan Premyer Liqasında ikinci pillədə qərarlaşan “Qəbələ”ni 17 xal qabaqladıqlarını söyləyib: “Qarabağ” Ağdamı təmsil edir. Hazırda orada hərbi vəziyyət mövcud olduğu üçün komanda Bakıda məskunlaşıb və ev oyunlarını burada keçirir. Paytaxtda elə də çox azarkeşimiz yoxdur. Çempion olmaq borcumuz idi və bu, artıq adi hal kimi qəbul olunur. Hazırda ikinci pillədəki komanda üzərində 17 xallıq üstünlüyümüz var”.

Jezniçak deyib ki, hazırkı klubunda işləyənlər “Qarabağ”ın Çempionlar Liqasında (ÇL) sabiq komandası “Legiya” ilə düşməsini istəmirlər: “Çünki Polşa klubu UEFA reytinqində Azərbaycan çempionunu ötüb. “Legiya”ya azarkeşlik edirəm və ÇL-də görüşməməyə üstünlük verərdim”.

Təcrübəli müdafiəçi cari çempionatda 14 matçda meydana çıxmasını zədələrlə əlaqələndirib. O, əməliyyatdan sonra baş məşqçi Qurban Qurbanovdan icazə aldığını və mövsüm başa çatmadan vətəni Polşaya döndüyünü bildirib: “Bu, çox uğursuz mövsümdür. Mənim 7 zədəm oldu. Artıq burun və barmağımın əməliyyatı başa çatıb. İndi isə dabanımın müalicəsi davam edir. Baş məşqçidən icazə alaraq, zədəmi sağaltmaq üçün vaxtından əvvəl Polşaya gəldim. Sağlıq durumum baxımından uğurlu il olmasa da, bu il idman nailiyyətləri əldə etdim və ÇL-də oynamaq arzumu gerçəkləşdirdim”.

Qeyd edək ki, Yakub Jezniçak ötən yay 12 il formasını geyindiyi “Legiya”dan “Qarabağ”a keçib. O, sabiq komandasının kapitanı olub.

Son xəbərlər

Orphus sistemi