"Qarabağ"ın müdafiəçisi: "Poltavaya qələbə üçün yollanacağıq"

"Qarabağ"ın müdafiəçisi: "Poltavaya qələbə üçün yollanacağıq" Bakı. 31 oktyabr. REPORT.AZ/ Çalışdıq ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirək. Bacardığımız qədər dediklərini etdik. Lakin nəticə belə alındı.
Futbol
31 Oktyabr , 2018 23:11
Qarabağın müdafiəçisi: Poltavaya qələbə üçün yollanacağıq

Bakı. 31 oktyabr. REPORT.AZ/ "Çalışdıq ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirək. Bacardığımız qədər dediklərini etdik. Lakin nəticə belə alındı".

"Report" xəbər verir ki, bunu "Qarabağ" klubunun futbolçusu Rahil Məmmədov səfərdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının VII turundan təxirə salınmış oyundan sonra keçirdiyi brifinqdə deyib.

23 yaşlı müdafiəçi jurnalistlərin digər suallarını da cavablandırıb...

Bu gün "Qarabağ"ın qələbəsinə nə mane oldu: "Keşlə", süni örtük, yoxsa son vaxtlar uğursuz çıxışınız?

- Heç nə mane olmadı. Sadəcə, futbolda həmişə qələbə olmur. Hərdən məğlubiyyət, xal itkiləri də qaçılmazdır. Bunlardan da dərs çıxardıb irəli baxırıq.

Bu nəticə ədalətlidir, yoxsa "Qarabağ" qalib gəlməli idi?

- Deyərdim ki, ədalətlidir. Düzdür, topa daha çox biz sahib idik, rəqibin elə də çox qol epizodu olmadı. Buna baxmayaraq, nəticə 1:1-dirsə, demək, belə də olmalı idi.

Son 5 oyunun 4-dən məğlubiyyətlə ayrılmışdınız, bu gün isə heç-heçə oldu...

- Bunlara uğursuzluq deməzdim. Həmişə qələbə olmur ki... Hərdən məğlubiyyətlə də üzləşirsən. Bu, bəlkə də xeyrimizədir. Lazımi nəticəni yaddan çıxartmaq lazımdır. Hər bir klubda bu cür uğursuzluq, ağır ab-hava ola bilər. İrəli baxmalıyıq.

"Neftçi" artıq 5 xal irəlidədir. Demək olarmı ki, ötən mövsümlərlə müqayisədə bu il çempionluq sizin üçün daha çətin olacaq?

- İnanmıram ki, "Qarabağ" üçün çempionluq nə vaxtsa asan başa gəlib. Hər zaman çətinlik olub. Lakin heç birimiz çətinlikdən qorxmuruq. Birinci dəfə deyil ki, belə halla rastlaşırıq.

"Vorskla"ya Ukraynada qalib gəlməyə gücünüz çatacaq?

- Əlbəttə, gücümüz çatar. Amma qalib gələcəyimizi əvvəlcədən demək olmaz. Poltavaya nə məğlub olmağa, nə də heç-heçə etməyə gedirik. Biz ora qələbə üçün yollanacağıq.

"Qarabağ"da az oynadığın halda millinin heyətində yer aldığına dair söz-söhbətlər sənə necə təsir edir?

- Belə söz-söhbətləri eşitməmişəm. İlk dəfə siz dediniz. Heç bir mənfi təsiri yoxdur, buna inanmıram da. Yaxşı oynayanda yaxşı, pis oynayanda pis deyirlər. Bunlar futbolun tərkib hissəsidir.

"Qarabağ"da Rəşad Sadıqov, Bədavi Hüseynov və Yakub Jezniçak kimi mərkəz müdafiəçiləri var. Belədə sənin üçün start heyətə düşmək çətin olmur?

- Əksinə, sevinirəm ki, belə müdafiəçilərlə eyni klubdayam. İnkişaf rəqabət olan yerdə var. Hər üçündən çox şey öyrənirəm. Onların Çempionlar Liqası və Avropa Liqası təcrübələri var. Mən isə Avroliqada cəmi iki oyunda meydana çıxmışam, o da son dəqiqələrdə. Yəni, öyrənməli çox şey var.

Son xəbərlər

Orphus sistemi