"Qarabağ"ın legioneri: "Vorskla"nı məğlub etmək gücündəyik"

"Qarabağ"ın legioneri: "Vorskla"nı məğlub etmək gücündəyik" "Rəqibin qapımıza cəmi bir zərbəsi oldu, o da qolla nəticələndi"
Futbol
26 Oktyabr , 2018 12:08
Qarabağın legioneri: Vorsklanı məğlub etmək gücündəyik

Bakı. 26 oktyabr. REPORT.AZ/ "Bizim üçün çox çətin oyun oldu. Rəqibi ciddi analiz etmişdik. Meydanda hamımız sona qədər ürəklə mübarizə apardıq".

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Yakub Jezniçak Avropa Liqasının qrup mərhələsinin III turunda evdə Ukrayna "Vorskla"sına 0:1 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib. 

 32 yaşlı müdafiəçi bildirib ki, komandasının əsas problemi əldə etdiyi bir neçə şansı boşa verməsidir: "Statistikaya baxsaq, hər şey daha aydın olar. Rəqibin "çərçivə"mizə cəmi bir zərbəsi oldu, o da qolla nəticələndi. "Vorskla" müdafiədə yaxşı təşkilatlanmış komandadır. Onlar çoxlu şans da əldə etmədilər. Cəmi bir zərbə ilə qalib gəldilər. Bu, futboldur. Heç də həmişə topa daha çox sahib olan qalib gəlmir".

Polşalı oyunçu qarşılaşmada öz oyunlarını nümayiş etdirdiklərini və topu rəqibdən daha çox saxladıqlarını bildirib: "Çoxsaylı ötürmələrlə qol imkanları əldə etdik. Ancaq təəssüf ki, onlardan yararlana bilmədik. "Sportinq" və "Arsenal"a qarşı da yaxşı oynamışdıq. Bu komandalarla qarşılaşmalarda hücumda müəyyən boş ərazilər tapır, hərəkət imkanımız olurdu. "Vorskla" isə tam qapanmışdı. Buna görə qalib gəlmək çox çətin olur".

Jezniçakın sözlərinə görə, "Qarabağ" qələbə də qazana bilərdi: "Vorskla"nı məğlub etmək gücündəyik. Biz daha yaxşı oyun sərgiləyir, daha çox şans əldə edirik. İnanıram ki, qarşıdakı oyunlarda daha yaxşı nəticə əldə edəcəyik".

Qeyd edək ki, "Qarabağ" "Vorskla"ya Vladislav Kulaçın 48-ci dəqiqədə vurduğu qolla məğlub olub.  

Son xəbərlər

Orphus sistemi