"Qarabağ"ın futbolçusu: "Ardıcıl 4 il çempion olmaq asan məsələ deyil" - MÜSAHİBƏ

"Qarabağ"ın futbolçusu: "Ardıcıl 4 il çempion olmaq asan məsələ deyil" - MÜSAHİBƏ "Artıq çempionam, Makedoniya millisinə yenidən cəlb olunmaq istəyirəm"
Futbol
24 Aprel , 2017 12:01
Qarabağın futbolçusu: Ardıcıl 4 il çempion olmaq asan məsələ deyil - MÜSAHİBƏ

Bakı. 24 aprel. REPORT.AZ/ "Qarabağ" komandasının futbolçusu Muarem Muarem "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının XXVII tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. "Report" həmin müsahibəni təqdim edir:

- Ardıcıl dördüncü dəfə çempionluq əldə etdiniz. Təəssüratların necədir?

- Buna görə çox xoşbəxtik. Biz çox əziyyət çəkdik və qalib olduq. Bütün komandanı, azarkeşləri təbrik edirəm.

- “Qarabağ”da qalacaqsan, yoxsa ayrılırsan?

- Rəhbərlik və məşqçi heyəti ilə aramızda bu barədə söhbət olmayıb. Ona görə bir söz deyə bilməyəcəyəm.

- Özün “Qarabağ”da qalmaq istəyirsən?

- 100 faiz qalmaq istəyirəm (gülür). “Qarabağ” kimi komandadan kim getmək istəyər ki?!

- “Qarabağ”ı tərk edərək ikinci dəfə uğursuzluqla üzləşməkdən qorxmursan?

- Bunun qorxu ilə əlaqəsi yoxdur. Heç bir komandadan təklif almamışam.

- Ardıcıl dördüncü il çempionluğu qeyd etdiniz. Ancaq əvvəlki illərə baxanda sanki çempionluğunuza maraq da azalıb...

- Mən belə düşünmürəm. Ardıcıl 4 il çempion olmaq asan məsələ deyil. Ölkə kubokunda, avrokuboklarda uğurla çıxış etmək çətindir. Hər zamankı kimi tərəfdarlarımız da burada bizimlə idi. Azarkeşlərimiz hər zaman yanımızdadırlar. Onlara təşəkkür edirəm.

- Çempionatda rəqabətin ildən-ilə zəiflədiyini düşünmürsən?

- İnanıram ki, gələn il bundan daha yaxşı olar. Çünki daha pis olsa, Azərbaycan Premyer Liqası səviyyəcə düşəcək. Mən hər şeyin daha yaxşı olacağını düşünürəm.

- 8 komandalı çempionatın qalibindən avrokuboklarda hansı nəticəni gözləmək olar?

- Ötən mövsümlə müqayisədə daha çox çalışmağımız lazımdır. İndi qarşıda bizi ölkə kubokunun final matçı gözləyir. Ondan sonra yaxşı dincəlməliyik. Daha sonra isə ikiqat güclə hazırlaşıb avrokubok oyunlarını gözləyəcəyik.

- İndiyə kimi Naxçıvanda oynamısan?

- Xeyr, heç oynamamışam.

- Kubokun final matçı məhz Naxçıvanda keçiriləcək. Bu qərar və görüş haqda nə deyə bilərsən?

- AFFA-nın verdiyi qərardır. Ancaq məncə, daha yaxın yerdə olsaydı, yaxşı olardı. Niyə? Futbolçularla bir əlaqəsi yoxdur, azarkeşlərə görə deyirəm. Məni azarkeşlərin Naxçıvana necə yollanacaqları düşündürür. Bəlkə Naxçıvanda da yaxşı azarkeşlər var. Amma mən öz azarkeşlərimizi deyirəm. İnanıram ki, yanımızda olacaqlar. Biz Naxçıvana “qızıl dubl” üçün gedirik. Fikrimiz də finalda yalnız qalib gəlməkdir.

- Uzun müddətdir ki, Makedoniya milli komandasına dəvət edilmirsən. Baş məşqçi səninlə heç maraqlanır?

- Mənimlə maraqlanırlar, oyunlarıma baxırlar. Düzdür, birbaşa təklif göndərməyiblər, ancaq mənimlə maraqlandıqlarını bilirəm. Artıq çempionam, Makedoniya millisinə yenidən cəlb olunmaq istəyirəm. Görək, necə olacaq. İnanıram ki, çağıracaq, çağırmasa da baş məşqçinin qərarına hörmətlə yanaşıram.

Son xəbərlər

Orphus sistemi