Yuxarı
    Bağlamaq

    "Qarabağ"ın baş direktoru: "Hazırda yeni danışıq apardığımız futbolçu yoxdur"

    Əvvəlkilərlə danışıqlar davam edir

    Bakı. 19 iyul. REPORT.AZ/ "Gözəl qələbə qazandıq. 1:0 hesablı qələbə də bizim üçün yaxşı oldu. Növbəti mərhələ oyununa yüksək əhval-ruhiyyədə çıxacağıq. Rəqibimiz sabah bilinəcək".

    "Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu "Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl Gürcüstanda "Samtredia"nı 1:0 hesabı ilə yendikləri Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündən sonra deyib.

    Daha sonra Ə.Çəlikəl jurnalistlərin digər suallarını da cavablandırıb...

    Sizin üçün Moldova "Şerif"i ilə Albaniya "Kukesi"si arasında fərq var?

    - Kim düşürsə-düşsün, fərq etməz. Çünki oynamamaq kimi şansımız yoxdur. Düzdür, ilk oyunda 1:0 hesabı ilə qalib gəldiyi üçün hamı "Şerif"in mərhələ adlayacağını gözləyir. Amma tiraspolluların da qarşıda cavab oyunu var. Bunun nəticəsində hər şey bilinəcək.

    Bəs "Qarabağ"a münasib rəqibin düşməsi fikri ilə razısınız?

    - Xeyr. Bu, Çempionlar Liqasının təsnifat mərhələsidir. Ölkələrin birinci komandası ilə oynayırıq. Bu səbəbdən, zəif komanda olmur. Hansısa klub çempion olubsa, deməli, müəyyən gücə malikdir. Buna görə də hər hansı rəqibi kiçiltməyin, zəif görməyin heç birimizə xeyri yoxdur. Bu anlamda sizdən də kömək gözləyirəm. Yəni, zəif rəqib, zəif komanda ifadələri motivasiyaya təsir etməkdən başqa heç bir işimizə yaramayacaq.

    Amma hər halda "Şerif" və ya "Kukesi" Çexiya "Viktoriya"sı, Avstriya "Zalsburq"u və Şotlandiya "Seltik"inə baxanda münasib rəqibdir...

    - Bu, həqiqətən də belədirsə, bizi yalnız sevindirə bilər. Amma yenə də yüz faiz mərhələ adlayacağımız anlamına gəlməməlidir.

    Nikaraqua millisinin futbolçusunun adı "Qarabağ"la hallanır...

    - Hazırda yeni danışıq apardığımız futbolçu yoxdur. Elə bir oyunçu ilə danışıq aparmamışıq.

    Yeni transferlər start heyətdə meydana çıxmışdılar. Necə təsir bağışladılar?

    - Məncə, Qurban Qurbanovun fikri əsasdır. İnanıram ki, razı qalıb. Mən bu barədə bir söz deyə bilmərəm.

    Əvvəllər danışıq apardığınız oyunçuların transferi istiqamətində yenilik var?

    - Danışıqlar davam edir. Nəticə olmadan o barədə danışmağı düzgün hesab etmirəm.

    Rəşad Sadıqovun meydanda yeri çoxmu görünürdü?

    - Sizi bilmirəm, bir futbol azarkeşi kimi gözlərim onu həmişə axtarır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi