"Qarabağ"ı tanımayan, qələbəyə inanan "Arsenal" azarkeşləri, "qara bazar"da endirim edən bilet alverçiləri - REPORTAJ - FOTO

"Qarabağ"ı tanımayan, qələbəyə inanan "Arsenal" azarkeşləri, "qara bazar"da endirim edən bilet alverçiləri - REPORTAJ - FOTO "Report"un London müxbiri Avropa Liqasının oyunu ərəfəsində "topçular"dan yazır...
Futbol
2 Oktyabr , 2018 14:15
Qarabağı tanımayan, qələbəyə inanan Arsenal azarkeşləri, qara bazarda endirim edən bilet alverçiləri - REPORTAJ - FOTO

London. 2 oktyabr. REPORT.AZ/ İngiltərənin "Arsenal" klubunun Bakıda "Qarabağ"la keçirəcəyi Avropa Liqasının II tur oyunundan əvvəl "Report"un London müxbiri "Emirates" stadionu ətrafından reportaj hazırlayıb. Həmin reportajı təqdim edirik...

- Biletlər neçəyədir?

- Sən neçəyə istəyirsən?

- Bilmirəm, siz deyin.

İngiltərə Liqa Kubokunda III mərhələnin "Arsenal" - "Brentford" oyununa “qara bazar”da bilet satan orta yaşlı kişi əlindəki siqareti kənara atır, biletin 60 funt sterlinq olduğunu söyləyir. “Bahadır” deyərək, uzaqlaşmağa çalışıram. Dərhal yanıma gəlib, "Nə qədər verə bilərsən?", deyə soruşur.

Əslində alıcı olmadığım və sadəcə, qiymətləri bilmək istədiyimdən, kişinin mənə bileti bu qədər həvəslə satmağa çalışmasından bir az utanıram. Təşəkkür edib, bileti artıq istəmədiyimi bildirirəm.

Daha da səbirsizləşərək, “50-yə verərəm, götür” deyir. "İstəmirəm" cavabını verirəm. Bu dəfə bileti əlimin içinə qoyaraq, israr edir: "45-ə verirəm, götür". Lakin mən bileti qaytarıram. Arxamdan "yaxşı, gəl, 25 olsun", deyə qışqırır.

Onu geridə buraxıb, insan axınını izləyərək, "Arsenal" klubunun stadionu “Emirates”a doğru irəliləməyə davam edirəm. Stadiona ən yaxın metro stansiyası olan “Highbury & İslington” insanların çoxluğundan bağlanıb və kənar stansiyalardan stadiona doğru istiqamət alan böyük bir kütlə sürətli addımlarla bir-birinin arxasınca irəliləyir. Kimisi də az qala hər addımbaşı “hot dog”, ya da burger verən köşklərdən oyun öncəsi yemək sifariş edir. Əvvəl mənə elə gəlir ki, azarkeşlər çox sakitdirlər. Lakin elə bunu fikirləşməyimdən 5 - 10 dəqiqə keçməmiş fanatların şüarları ətrafı bürüyür.

Londonun mərkəzindən, təxminən, 40 dəqiqəlik məsafədə olan “Emirates”, təqribən 60 min nəfərlik olub, "Uembli" və "Old Trafford"dan sonra İngiltərənin üçüncü ən böyük stadionudur. "Arsenal" azarkeşləri də öz klublarına dəstək olmaq üçün bu nəhəng arenanın yolunu tutublar. Bəs görəsən, onlar sevimli komandalarının oktyabrın 4-də Bakıda "Qarabağ"la keçirəcəyi Avropa Liqasının II tur matçını izləməyə gələcəklərmi?

Elə bunu öyrənmək üçün "Highbury & Islington" bölgəsinə gedərək ətrafı gəzib, insan axının içində azarkeşlərlə danışmağa başlayıram.

55 yaşlı Endi deyir ki, uşaqlıqdan "Arsenal"a azarkeşlik edir və bu komandanın Böyük Britaniyadakı bütün oyunlarına canlı baxmağa çalışır: “İmkan olduqca, stadiona yollanmağı üstün tuturam. Ancaq inanmıram ki, "Qarabağ"la oyuna gedə bilim. Yəqin ki, televizordan baxaram. Məncə, oyun 3:0 "Arsenal"ın xeyrinə bitəcək”.

Digər tərəfdəki iki xanım özlərinə "Arsenal"ın şarflarından alır. Onlar isə deyirlər ki, hər dəfə olmasa da, ildə bir neçə dəfə dostları ilə "topçular"ın oyunlarına gəlirlər. "Qarabağ" klubu haqqında çox da məlumatlı olmadıqlarını söyləyir, öz komandalarının şübhəsiz qələbə çalacağını bildirirlər.

Hava qaralır, stadionun girişlərində çoxlu polis maşını arxa-arxaya düzülür. Azarkeşlərin girişdə çantaları yoxlanılır.

Bir qrup gənci içəri keçməmiş yaxalaya bilirəm. Gənclər əvvəlcə Azərbaycanı tanımasalar da, "Qarabag" deyirəm və qarşıdakı oyunu yadlarına salıram. Onlar görüşün "Arsenal"ın xeyrinə başa çatacağını, "Qarabağ"dan daha güclü olduqlarını söyləyirlər.

Metyu futbol həvəskarı olduğunu desə də, "Qarabağ" haqqında nə bilirsiniz" sualıma bir anlıq duruxur və "Komandanı mənə xatırladın" deyir. Köməyimdən sonra isə "Hə, Azərbaycan barədə çox eşitmişəm. Xüsusən, beynəlxalq yarışlardan xatırlayıram" cavabını verir və əlavə edir: "Məncə, "Arsenal" qələbə qazanacaq. Azərbaycan komandasının şansını real görmürəm. Düzdür, oyun Bakıda keçiriləcəyindən, "Qarabağ"ın da qələbə ehtimalı var. Lakin bu, zəif ehtimaldır”.

Ron isə futbola daim baxsa da, "Qarabağ" haqda heç bir şey eşitmədiyini deyir. 

Bax belə... Londonda "Arsenal", "Çelsi", "Tottenhem" kimi məşhur klublar və təbii olaraq, bu klubların milyonlarla azarkeşi var. Onların əksəriyyəti üçün "Qarabağ"la oyun maraqlı deyil. Heç Bakıya səfər də.

"Qarabağ" klubundan verilən açıqlamaya görə isə "Arsenal" Bakıdakı oyun üçün tribunada 500 azarkeşlik yer istəyib... 

Aytən ABBASLI, London

Son xəbərlər

Orphus sistemi