Bu gün "Qarabağ" İrlandiya çempionu ilə qarşılaşacaq - AFİŞA

Bu gün "Qarabağ" İrlandiya çempionu ilə qarşılaşacaq - AFİŞA Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.
Futbol
24 İyul , 2019 07:24
Bu gün Qarabağ İrlandiya çempionu ilə qarşılaşacaq - AFİŞA

Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

“Report”un məlumatına görə, Ağdam təmsilçisi İrlandiyada “Dandolk” komandası ilə II təsnifat mərhələsinin ilk görüşündə üz-üzə gələcək.

“Oriel Park” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv I raundda Albaniya çempionu “Partizani”ni mübarizədən kənarlaşdırıb. Tiranada gerçəkləşmiş ilk matçda hesab açılmasa da, Bakıdakı oyunda Filip Ozobiç və Dani Kintananın qolları “Qarabağ”ı növbəti mərhələyə daşıyıb – 2:0.

"Dandolk" Azərbaycan təmsilçisi ilə qarşılaşan ilk İrlandiya klubu kimi tarixə düşəcək. Bu rəqib I təsnifat mərhələsində Latviya “Riqa”sını penaltilər seriyasında üstələyib - 5:4.

Son 5 mövsümdə avrokuboklarda qrupa düşməyi bacaran “Qarabağ”ın heyətində zədəli Bədavi Hüseynov meydana çıxa bilməyəcək. Əvəzində yeni transferlər – cinah müdafiəçisi Faysal Rerrars və hücumçu Maqaye Qeye İrlandiya çempionu ilə görüşlər üçün sifariş olunublar.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması iyulun 31-də Bakıdakı “Dalğa Arena”da olacaq. Matç saat 21:00-da start götürəcək.

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

22:45. “Dandolk” (İrlandiya) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Bartoş Frankovski

Yan xətt hakimləri: Marçin Bonyek və Yakub Vinkler

Dördüncü hakim: Daniel Stefanski (hamısı Polşa)

Hakim-inspektor: Peter Froydfeldt (İsveç)

UEFA nümayəndəsi: Şarl Şak (Lüksemburq)

Dandolk. “Oriel Park” stadionu

Son xəbərlər

Orphus sistemi