​Miron Markeviç: ""Qarabağ" - "İnter" matçında oyun qaydaları pozulmuşdu" - MÜSAHİBƏ

​Miron Markeviç: ""Qarabağ" - "İnter" matçında oyun qaydaları pozulmuşdu" - MÜSAHİBƏ "Dnepr"in baş məşqçisi: "Azərbaycan futbolu irəliyə addım atır"
Futbol
24 Fevral , 2015 20:01
​Miron Markeviç: Qarabağ - İnter matçında oyun qaydaları pozulmuşdu - MÜSAHİBƏ

Antalya. 24 fevral. REPORT.AZ/ Ukraynanın "Dnepr" klubunun baş məşqçisi Miron Markeviçin "Report"un Antalyaya ezam olunmuş əməkdaşına müsahibəsi

- Millinin "Şaxtyor"la matçına gəlişinizdə məqsədiniz nədi?

- Sadəcə, boş vaxtım olduğundan oyuna baxmaq üçün gəldim. Biz də "Mardan" stadionunun yaxınlığında məskunlaşmışıq. Komandamızla Antalyada təlim-məşq toplanışındayıq. Sabah buranı tərk edirik.

- "Qarabağ" - "İnter" oyunundakı hakimlik məsələsi çox müzakirə olundu. Hakimlərin mübahisəli qərarı ilə bağlı nə deyə bilərsiniz?

- Hakim səhvləri futbolda çoxdan var. Belə şey bizim də başımıza tez-tez gəlib. Hakimlik başqa, oyun başqa. Yəqin ki, hakimin səhvi olmuşdu. Buna qarşı heç nə etmək olmaz.

- Əgər hakimin həmin səhvi olmasaydı, "Dnepr" növbəti mərhələyə keçməyəcəkdi...

- O məntiqlə biz "Sent-Etyen" və "İnter"lə oyunlarda penaltini vursaydıq, qrupda birinci yer barədə fikirləşərdik. Amma həmin görüşlərdə 5 xal itirdik və birinci pillədən uzaqlaşdıq. Mən "Qarabağ"ı və azarkeşlərini başa düşürəm. Xüsusilə sonuncu dəqiqədə belə bir halın baş verməsi üzücüdür. Amma bu futboldur.

- "Qarabağ" son ana qədər inanırdı ki, UEFA hakimin qərarını dəyişəcək. Onlar sona qədər mübarizə apardılar...

- Hakimin qərarı müzakirə olunmur. Orada ədaləti bərpa etmək üçün variant yox idi. Həmin matçda oyun qaydaları pozulmuşdu, matç axıra qədər oynanılmamışdı. Amma hakimlik tamamilə ayrı mövzudu.

- Bu gün Azərbaycan millisinin oyunu izləyirsiniz. Avropa Liqasında isə iki dəfə "Qarabağ"ın oyununu izləmisiniz. Bu oyunçulardan Ukraynanın iddialı komandalarında oynaya biləcək futbolçular varmı?

- Azərbaycan futbolu irəliyə addım atır. Demək olmaz ki, yüksək sürətlə irəliləyir, amma hərəkət var. Bunu "Qarabağ"ın timsalında da görmək olar. Komandaya Avropa Liqasında nə isə çatmadı. Əlbəttə ki, Azərbaycan milisinin rəsmi matçlarda xal yığması daha əlverişli olardı. Bu, yığma üçün irəliyə atılmış daha böyük addım sayılardı. Çünki ölkənin siması milli komandadır. "Qarabağ"ın futbolçuları inkişafa təkan verdilər. Amma yerli futbol daha da irəli getməlidir. Buna isə vaxt lazımdır. Bazalar, stadionlar irəliyə doğru böyük addımdır.

- Ukraynadakı məlum hadisələr ölkə futboluna necə təsir edir və edəcək?

- Əlbəttə, bunları görmək ağırdır. Təəssüf ki, belə vəziyyət yaranıb. Amma bu dövrü hansısa formada keçirmək lazımdır. Əsas odur ki, çempionat olsun və bütün bunlar tezliklə başa çatsın. Təbii ki, bu olaylar futbolumuza mane olur. Bunu hiss edirik. Nə qədər tez başa çatsa, o qədər yaxşı olar.

- Ukrayna Futbol Federasiyasına prezident seçkisi olacaq. Bu seçkidən nə gözləyirsiniz?

- (Gülür). Mənim üçün nəsə demək çətindir. Necə olacağını bilmirəm.

- Millinin formasını geyinən "Qarabağ"ın futbolçularını tanıdınızmı?

- Kapitan Rəşad Sadıqovu tanıdım. Qolun müəllifinin də "Qarabağ"ın formasını geyindiyini bilirəm.

Son xəbərlər

Orphus sistemi