Yuxarı

"Qarabağ"ı böyük kluba çevirə bilməyənlər - ARAŞDIRMA

Avropa klublarının əksəriyyəti azarkeşlərin bilet üçün xərclədiyi pullarla yaşayır

Bakı. 29 avqust. REPORT.AZ/ "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə Azərbaycan futbolunda yeni tarix yazıldı.  

Təbii ki, bu zəfərlərin canlı şahidləri də az deyildi. "Qəbələ" səfərdə oynadığından, Bakıda meydana çıxan "Qarabağ"a azarkeş dəstəyi daha güclü idi.

Biletlərin satışa çıxarıldığı gündən böyükdən-kiçiyə hər kəsin Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarına axın etməsi oyun zamanı tribunaların dolacağından xəbər verirdi. Amma gözləntilər özünü tam doğrultmadı. İsveçrə "Yanq Boyz"u ilə qarşılaşmada bəzi tribunalarda boşluqlar da nəzərə çarpırdı.

"Report"un araşdırması nəticəsində bu boşluqların biletlərin qiyməti ilə bağlı olduğu üzə çıxdı.

Çempionlar Liqasının III təsnifat mərhələsində Şotlandiya "Seltik"i ilə cavab oyununda "Qarabağ" rəhbərliyi biletləri daha ucuz qiymətə satışa çıxarmışdı. Həmin oyunda azarkeşlər 1, 2, 3, 5, 6, 8 və 10 manatlarından keçməklə oyunu izləyə bilmişdilər. "Play-off"da isə bilet qiymətləri cüzi də olsa artmışdı. Klub bu addımı haqlı olaraq həm oyunun əhəmiyyətini, həm də azarkeş axınını nəzərə alaraq atmışdı. "Yanq Boyz"la oyunda isə bilet qiymətləri 1, 2, 5, 8, 10 və 15 manat təşkil edirdi. Müşahidələr onu göstərdi ki, kənar və mərkəzi sektorlara biletlər daha tez alındı. Orta qiymətə olan biletlər isə tam satılmadı. Bu isə "Seltik"lə olan oyunla müqayisədə "Yanq Boyz"la qarşılaşmada 3 manatlıq biletin 5 manata, 5 manatlıq biletin 8 manata, 6 və 8 manatlıq biletin 10 manata, 10 manatlıq biletin isə 15 manata satılması ilə əlaqədar idi. Əslində fərq elə də böyük deyil. Maksimum 5 manat artıq vəsaitindən keçmək istəməmələri insanların oyunu canlı izləmək istəyinə qalib gəlib. Halbuki bu, həqiqi azarkeş üçün o qədər də böyük maneə sayılmamalı idi.

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl də "Yanq Boyz"la oyunda tribunaların tam dolmamasından narazılıq edib: "Bəli, bəzi tribunalar boş idi. Artıq "Qarabağ" möhtəşəm oyun sərgiləyir. Bu klub ayaqda olmalı, sponsorların ödədiklərindən əlavə, özü gəlirlər əldə etməlidir. Böyük "Qarabağ" görmək istəyiriksə, bunu tərəfdarlar, azarkeş kütləsi etməlidir. Bu oyunun biletlərinin qiymətini müəyyən qədər qaldırmışdıq. Amma baxdıq ki, bəzi tribunalarda boş yerlər var. Təmənnam, xahişim odur ki, hamımızın "Qarabağ" üçün ürəyi döyünsün, eyni zamanda, şəxsən köməklik göstərək. Bu prosesə qoşulmalıyıq, kim böyük klub görmək istəyirsə, cibindən 5 manat, 10 manat çıxarıb verməlidir. Bu oyuna gəlməyənlər peşman olacaqlar və növbəti ev oyunlarımızda stadionumuzu dolu görəcəyik".

"Qarabağ"ın vitse-prezidentinin sözlərində həqiqət var. Əgər böyük klub görmək istəyiriksə, onun naminə fədakarlıq da göstərməliyik. Hər bir azarkeş komandasının daha iddialı, güclü çıxışını görmək istəyir. Ancaq bu cür əhəmiyyətli oyunlarda tribunalardakı boş yerlər istəklərlə reallıq arasındakı ziddiyyəti üzə çıxarır.

Doğrudan da böyük klubun oyunlarına gələnlər böyük məbləğdə vəsaitlərindən keçməli olurlar. Avropada iddialı klubların daxili çempionat oyunlarında satılan biletlərin qiyməti Azərbaycan klublarının avrokubok oyunlarında satışa çıxardığı biletlərdən qat-qat bahadır. Məsələn, Almaniyada "Bavariya"nın oyununu izləmək istəyənlər ən azı 8 avrolarından keçməlidir. Həmin biletlər də stadionun ən ucqar tribunalarında əyləşmək hüququ verir. İspaniyanın paytaxtı Madriddəki "Santiyaqo Bernabeu"da "Real Madrid"in La Liqa oyununu izləmək istəyənlər ən azı 7 avro ödəməlidirlər. İngiltərədə "Mançester Yunayted"in oyunlarına baxmaq üçün ən azı 25 funt sterlinq dəyərində bilet almaq lazımdır. Bunlar hələ daxili çempionat oyunlarına biletlərin qiymətləridir.

Azərbaycanlı azarkeşlər də xeyli əziyyət və pul bahasına Gürcüstanın paytaxtı Tbilisidə İspaniyanın "Barselona" və "Sevilya" klubları arasında keçirilən UEFA Super Kuboku matçına bilet alır, xeyli əziyyət və pul bahasına qonşu ölkəyə gedir və oyuna baxır, xeyli əziyyət və pul bahasına geri qayıdırlar. Amma onların əksəriyyəti Azərbaycan çempionatında "Qarabağ"ın ev oyununu nə zaman keçirəcəyindən xəbərsiz olur, Avroliqa matçlarında isə 5 manat artıq vəsaitlərindən də keçmək istəmirlər.

Biz güclü, iddialı komanda görmək istəyiriksə, cibimizdən 5-10 manat xərcləyib komandamızı dəstəkləməyə borcluyuq. Əks təqdirdə uğursuzluq zamanı o komandadan hesab tələb etməyə ixtiyarımız yoxdur. Bir amili də nəzərə almaq lazımdır ki, Avropa klublarının əksəriyyəti azarkeşlərin bilet üçün xərclədiyi pullarla yaşayır. Yəni digər ölkələrdə azarkeş klubunu yaşadır. Azərbaycan azarkeşi isə...

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi