Yuxarı

"Qarabağ" Emeqaranın klubdan ayrılmasına dair xəbərlərə aydınlıq gətirib

Azərbaycanın Qarabağ klubu futbolçu İnnosent Emeqaranın komandanı tərk etməsinə dair xəbərlərə aydınlıq gətirib

Bakı. 20 dekabr. REPORT.AZ/ Azərbaycanın "Qarabağ" klubu futbolçu İnnosent Emeqaranın komandanı tərk etməsinə dair xəbərlərə aydınlıq gətirib. Klubun baş meneceri Asif Əsgərov "Report"a açıqlamasında nigeriyalı hücumçunun hələ dekabrın 14-də "Qəbələ" ilə Topaz Premyer Liqasının XVI turu ərəfəsində klubdan ayrıldığını bildirib. 

Onun sözlərinə görə, Emeqara anasının səhhətindəki problemlə əlaqədar İsveçrəyə yola salınıb. A.Əsgərov 25 yaşlı qolçunun gələcək taleyi ilə bağlı qərarı klub rəhbərliyinin verəcəyini bildirib: "Biz Emeqaranı transfer edərkən, özü ilə danışmışdıq ki, komandada qalıb-qalmayacağına 2 aydan sonra qərar verəcəyik. Yəni, onunla dekabrın sonlarınadək müqavilə bağlamışdıq. O, son 2 matçımızda meydana çıxmayıb, sabah "Sumqayıt"a qarşı da oynamayacaq. Yəqin ki, komandadakı gələcək taleyinə klub rəhbərliyi qərar verəcək". 

Klub rəsmisi Emeqaranın "Qarabağ"ı Avropa Liqasının 1/16 final mərhələsinə vəsiqə qazana bilməməsi səbəbindən tərk etdiyinə dair iddialara da münasibət bildirib. A.Əsgərov deyib ki, hücumçu klubla məhz Avroliqada növbəti mərhələ perspektivi ilə əlaqədar müqavilə bağlamayıb: "Emeqara bizimlə anlaşanda bilirdi ki, 1/16 finala vəsiqə qazanmaya da bilərik. Onu ilk növbədə, cəlb etmişdik ki, çempionatda bizə kömək etsin. Özü də bu məqsədlə komandamıza gəlmişdi".

Qeyd edək ki, İnnosent Emeqara "Qarabağ"ın heyətində oktyabrın 17-də məhz "Qəbələ" ilə ev oyununda debüt edib. O, Topaz Premyer Liqasında 8 oyuna 4 qol vurub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi