"Qarabağ" Əfran İsmayılovla müqavilə bağlayıb

"Qarabağ" Əfran İsmayılovla müqavilə bağlayıb "Mənə doğma olan komandaya qayıtmışam"
Futbol
24 İyul , 2015 17:02
Qarabağ Əfran İsmayılovla müqavilə bağlayıb

Bakı. 24 iyul. REPORT.AZ/ Çempionlar Liqasında III təsnifat mərhələsinə yüksələn "Qarabağ" klubu daha bir futbolçu transferini həyata keçirib. "Report"un məlumatına görə, ötən mövsümü Bakı "İnter"ində başa vurmuş Azərbaycan millisinin yarımmüdafiəçisi Əfran İsmayılovla 1 illik müqavilə imzalanıb. 

"Qarabağ"ın yetirməsi olan 27 yaşlı oyunçu yenidən Ağdam komandasına qoşulub. Sağ cinah yarımmüdafiəçisi klub saytına verdiyi açıqlamada keçidini şərh edib: "Yenidən "Qarabağ"da çıxış etmək xoş hissdir. "Qarabağ"ın yetirməsiyəm, mənə doğma olan komandaya qayıtmışam. "Qarabağ" iddialı, hədəfləri olan komandadır. Təbii ki, ciddi rəqabətin olduğunun fərqindəyəm. Amma əsas heyət uğrunda mübarizədən çəkinmirəm. Əsas məqsədim komandaya faydalı olmaqdır. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam. İnşallah, keçidim hər 2 tərəf üçün faydalı olar".

Qeyd edək ki, Əfran İsmayılov yay transfer dönəmində "Qarabağ"ın sıralarına qatdığı 10-cu transferdir. Daha öncə Dani Kintana, Elharbi El Jadoui, Azər Salahlı, Vüqar Mustafayev, Coşqun Diniyev, Elvin Məmmədov, Elvin Yunuszadə, Raydell Pupon, Mahir Mədətovla müqavilə bağlanılıb. İsmayılov 2013-cü ilin yayınadək də "Qarabağ"da çıxış edib. Ardından o, "Bakı", "Xəzər Lənkəran" və "İnter"in formasını geyinib. 

Son xəbərlər

Orphus sistemi