Yuxarı

Bu gün ​"Qarabağ" Çempionlar Liqasında cavab oyununu keçirəcək

Seltiki üstələyəcəyi təqdirdə, Azərbaycan çempionu tarixi uğura imza atacaq

Bakı. 5 avqust. REPORT.AZ/ Bu gün "Qarabağ" klubu futbol üzrə Çempionlar Liqasının III təsnifat mərhələsində Şotlandiya "Sletik"i ilə cavab matçına çıxacaq. "Report"un məlumatına görə, qarşılaşma Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

"Qarabağ" ötən mövsüm III təsnifat mərhələsində Avstriya "Zalsburq"una iki oyunun nəticəsində (2:1, 0:2) məğlub olub və qitənin ən böyük klub turnirində mübarizəni dayandırmalı olub. Əvəzində Ağdam komandası Hollandiyanın "Tvente" klubunu üstələyərək (0:0, 1:1),  üzərində qələbə nəticəsində "Qarabağ" Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Cari mövsümdə isə Qurban Qurbanovun komandası Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə uğrunda mübarizə aparmaq üçün ən azı 2 top fərqi ilə qalib gəlməlidir. İlk görüşdə "Seltik" öz meydanında minimal hesablı (1:0) qələbə qazandığından, üstünlük qonaqların tərəfindədir. Şotlandiyalıların vurduğu qol isə "Qarabağ"ın işini daha da çətinləşdirəcək. Azərbaycan təmsilçisinin məğlubiyyəti komandanı yenidən Avropa Liqasının "pley-off" mərhələsinə aparacaq. Qələbə təqdirində isə Ağdam komandası ölkə futbolu tarixində ilk dəfə Çempionlar Liqasının "pley-off"una vəsiqə qazanmaqla yanaşı, ən azı Avroliqada ardıcıl ikinci mövsüm qrup mərhələsinə vəsiqəyə sahib çıxacaq. 

Oyuna azarkeş marağı da diqqəti cəlb edir. Cavab görüşünə sifariş olunan biletlərin demək olar ki, hamısı satılıb və böyük anşlaq gözlənilir.

Çempionlar Liqası, III təsnifat mərhələsi

Cavab oyunu

21:30. "Qarabağ" (AZƏRBAYCAN) - "Seltik" (Şotlandiya)

Baş hakim: Martin Strömberqsson

Hakimlər: Daniel Qustavsson, Stefan Hallberq, Yohan Hamlin (hamısı İsveç)

Hakim-inspektor: Alen Hamer (Lüksemburq)

UEFA nümayəndəsi: Peter Lundström (Finlandiya)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi