"Qarabağ" Azərbaycan Premyer Liqasında ən yaxın rəqibindən 10 xal irəli çıxıb

"Qarabağ" Azərbaycan Premyer Liqasında ən yaxın rəqibindən 10 xal irəli çıxıb Turun 5 oyunundan 3-də gözlənilməz nəticələr qeydə alınıb
Futbol
30 Mart , 2016 19:02
Qarabağ Azərbaycan Premyer Liqasında ən yaxın rəqibindən 10 xal irəli çıxıb

Bakı. 30 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçirilib. "Report"un məlumatına görə, turun 5 oyunundan 3-də gözlənilməz nəticələr qeydə alınıb. 

Açılış oyununda AZAL "Qəbələ"ni, "Kəpəz" isə "Zirə"ni qəbul edib. Şüvəlanda keçirilmiş qarşılaşmada oyunun favoriti sayılan "Qəbələ" görüşdən xalsız ayrılıb. Matç "təyyarəçilər"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu oyundan sonra AZAL 36 xalla turnir cədvəlində 6-cı, "Qəbələ" isə 41 xalla 5-ci pillədə qalıb.

Daha bir gözlənilməz nəticə isə Gəncədə qeydə alınıb. Turnir cədvəlində ikinci pillədə qərarlaşan "Zirə" səfərdə məğlubiyyətlə üzləşib. Şahin Diniyevin komandası aktivinə 3 xalı 2 topla yazıb - 2:0. Nəticədə "Kəpəz" 45 xalla 3-cü pilləyə yüksəlib. "Zirə" isə xal itkisinə baxmayaraq, 50 xalla yenə də ikincidir.

Növbəti görüşdə "Sumqayıt" doğma meydanda ən yaxın izləyicisi "Xəzər Lənkəran"la münasibətlərinə aydınlıq gətirib. Meydan sahibləri 70-ci dəqiqədən sonra azlıqda qalmalarına baxmayaraq, 2:1 hesablı qələbə qazanıb. Mikayıl Rəhimov qırmızı vərəqə alaraq meydandan qovulub. Aktivinə 3 xal yazan "Sumqayıt" 28 xalla 8-ci, "Xəzər Lənkəran" isə 14 xalla 9-cudur.

Daha bir görüşdə turnir cədvəlinin lideri "Qarabağ" autsayder "Rəvan"ı qəbul edib. Görüş gözlənildiyi kimi, "Qarabağ"ın üstünlüyü ilə keçib. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 5:1 hesablı qələbə qazanıb. "Qarabağ" darmadağından sonra liderlik kürsüsündə möhkəmlənib - 60 xal. "Rəvan"ın aktivində isə 8 xal var.

Turun mərkəzi görüşündə paytaxtın iki komandası - "İnter" və "Neftçi" üz-üzə gəlib. Matçın ilk hissəsi qolsuz bərabərliklə yekunlaşıb. İkinci hissədə qonaqlar hesabı açmaq üçün yaxşı fürsət əldə edib. Ruslan Qurbanov təyin olunmuş penaltini dəqiq yerinə yetirib və komandasına qələbə qazandırıb -1:0.

Beləliklə, 3-cü dövrənin son turunun oyunlarına əsasən, "Qarabağ" ən yaxın izləyicisi "Zirə" ilə xal fərqini 10-a çatdırıb. 

Azərbaycan Premyer Liqası, XXVII tur
30 mart

15:00. "Kəpəz" – "Zirə" - 2:0
Qollar: Tural Axundov, 64-penalti ilə. Tural rzayev, 79
Hakimlər: Ömər Paşayev, Munis Abdullayev, Vüqar Bayramov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Gülağa Cabbarov
Gəncə. Gəncə şəhər stadionu

15:00. AZAL – "Qəbələ" - 2:1
Qollar: Tural Hümbətov, 53. Murad Sətrarlı, 73 - Aleksey Qay, 36 (P)
Hakimlər: İnqilab Məmmədov, Mübariz Haşımov, Nahid Əliyev, Fariz Yusifov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Şahin Cəfərov
Bakı. AZAL Arena

17:00. "Sumqayıt" – "Xəzər Lənkəran" - 2:1
Qollar: Nodar Məmmədov, 50 (avtoqol) Murad Ağayev, 90 - Zaman Mirzəzadə, 49 (P)
Qırmızı vərəqə: Mikayıl Rəhimov, 70 ("Sumqayıt")
Hakimlər: Elvin Əsgərov, Akif Əmirəli, Cavanşir Yusifov, Fərid Məmmədov
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Vüsal Əliyev
Sumqayıt. "Kapital Bank Arena"

17:30. "Qarabağ" – "Rəvan" - 5:1
Qollar: Migel Madera, 16. Muarem Muarem, 53. Riçard Almeyda, 55. Reynaldo, 64. Dani, 90+1 - Yasin Həmid, 68
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Kamran Bayramov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Bakı. "Azərsun Arena"

18:00. "İnter" – "Neftçi" - 0:1
Qol: Ruslan Qurbanov, 51-penalti ilə
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Xaqani Məmmədov
Bakı. "İnter Arena"

Son xəbərlər

Orphus sistemi