"Qarabağ" Azərbaycan çempionatları tarixində 1000-ci qolunu vurub

"Qarabağ" Azərbaycan çempionatları tarixində 1000-ci qolunu vurub Yubiley qolunun müəllifi yenə Muarem olub
Futbol
31 Mart , 2016 12:32
Qarabağ Azərbaycan çempionatları tarixində 1000-ci qolunu vurub

Bakı. 31 mart. REPORT.AZ/ Ağdamın “Qarabağ” klubu futbol üzrə Azərbaycan çempionatları tarixində 1000-ci qolunu vurub. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Premyer Liqanın XXVII turunun “Rəvan”la ev oyununa təsadüf edib. 

Paytaxt klubu ilə görüşədək rəqib qapılarından 998 top keçirmiş Ağdam təmsilçisinin tarixi qolunu Muarem Muarem vurub. Makedoniyalı yarımmüdafiəçi komandasının 5:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada “Qarabağ”ın 2-ci, klub tarixində isə 1000-ci qolun müəllifi olub.

Maraqlıdır ki, ağdamlıların 900-cü qolunu da Muarem vurmuşdu. O, 703 gün əvvəl “Neftçi” ilə qarşılaşmada buna nail olub.

İlk qolunu 1992-ci ildə Sabirabad “İnşaatçı”sının qapısından keçirən “Qarabağ”ın tarixinə 1-ci qolun müəllifi kimi Mehman Alışanov düşüb.

Azərbaycan çempionatları tarixində “Neftçi”dən sonra 1000-i arxada qoyan 2-ci komanda olan “Qarabağ” “Rəvan”la görüşdə 5:1 hesablı qələbəylə qol sayını 1003-ə də çatdırıb. Bunların 593-ü ev, 395-i səfər, 15-i neytral meydanda vurulub. İndiyədək 684 matç keçirən, bunların 21-də texniki nəticə qeydə alınan “Qarabağ”ın orta məhsuldarlığı 1,51-ə bərabərdir.

Son xəbərlər

Orphus sistemi