Yuxarı

​“Qarabağ” Avroliqada “Monako” ilə heç-heçə edib

Görüş 1:1 hesabı ilə başa çatıb

Bakı. 5 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan çempionu “Qarabağ” futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin 4-cü turu çərçivəsində Fransanın “Monako” klubunu qəbul edib.

“Report” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan oyunda tərəflər hərəyə bir dəfə fərqlənərək heç-heçəyə imza atıblar -1:1.

Topa ilk toxunan tərəf qonaqlar olub. Matçın ilk təhlükəli hücumunu meydan sahibləri qurub. Braziliyalı yarımmüdafiəçi Almeyda 5-ci dəqiqədə cərimə meydançasının kənarından qapıya zərbə vursa da, qapıçı Subaşiç təhlükəni sovuşdurub. 8-ci dəqiqədən sonra rəqib hücumçu Traore cərimə meydançasında zərərsizləşdirilib. Cəmi 1 dəqiqə sonra Əfran İsmayılovun rəqibi məyus etmək istəyi boş çıxıb. 20-ci dəqiqədə "Qarabağ"ın qapıçısı Şehiç rəqib futbolçu Paşaliçin zərbəsini dəf etməyi bacarıb. Hesab isə matçın 39-cu dəqiqəsində açılıb. Kapitan Rəşad Sadıqov mükəmməl ötürmə ilə Armenterosu qapıçı ilə üz-üzə qoyub və sonuncu bu şansı boşa verməyib - 1:0. İlk 45 dəqiqə bu hesabla da başa çatıb.

İkinci hissədə azarkeşlər daha maraqlı oyunun şahidi olublar. Hər iki komanda arasında hissənin ilk dəqiqələrindən gərgin mübarizə gedib. "Qarabağ" bir neçə dəfə qol imkanı yaratsa da, fürsətlər boşa verilib. Lakin qonaqların hücumları maçtın 72-ci dəqiqəsində öz bəhrəsini verib.

Əvəzetmədən oyuna daxil olan İvan Kavaleyro tablodakı rəqəmləri eyniləşdirib - 1:1. İrəliləyən dəqiqələrdə həm "Qarabağ", həm də "Monako"nun qol vurmaq istəyi boşa çıxıb.

"Monako" bu oyundan sonra 6 xalla qrup lideridir. Lakin "Tottenhem" (İngiltərə) və "Anderlext" (Belçika) komandalarının görüşünün nəticəsindən asılı olaraq Fransa təmsilçisi mövqeyini dəyişə bilər. "Qarabağ" isə 4 xalla qrup sonuncusudur.

Avropa Liqası. Qrup mərhələsi. IV tur

"Qarabağ" - "Monako" - 1:1

Qollar: Samuel Armenteros, 39 - İvan Kavaleyro, 72.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi