"Qarabağ"ın futbolçusu: "Riskə getmək istəmirdik"

"Qarabağ"ın futbolçusu: "Riskə getmək istəmirdik" Qara Qarayev: "Azarkeşlərimiz bizə əlavə güc verir"
Futbol
2 Oktyabr , 2015 17:45
Qarabağın futbolçusu: Riskə getmək istəmirdik

Bakı. 2 oktyabr. REPORT.AZ/ "Evdə məğlub olmamağa köklənmişdik. Sevindirici haldır ki, 3 xal bizim oldu. Stadiona toplaşan azarkeşlərə təşəkkürümü bildirirəm". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Qarabağ" klubunun futbolçusu Qara Qarayev deyib.

Avropa Liqasının qrup mərhələsinin II turunda Belçika "Anderlext"i ilə oyundan danışan yarımmüdafiəçi "Qarabağ"ın çox şeyə qadir olduğunu bildirib: "Bunu kollektiv şəkildə bir daha sübut etdik. Evdə azarkeşlərimizlə daha güclüyük. Onlar bizə əlavə güc verir. Bu stadionda rəqib üçün oynamaq həqiqətən çətindir. Futbol şansı bizim tərəfdə idi. Rəqibin təhlükəli hücumları olsa da, qolla nəticələnmədi. Ancaq bu qələbə bizim başımızı gicəlləndirməməlidir. Ciddi hazırlaşıb qarşıdakı oyunlarda qələbə qazanmalıyıq".

23 yaşlı futbolçu Bakıdakı oyunun ilk hissəsində yaxşı oynadıqlarını söyləyib: "İkinci yarıda məcburiyyətdən arxaya oturmalıydıq. Çünki rəqib də artıq qol vurmağa çalışırdı, biz isə riskə getmək istəmirdik".

"Qarabağ"ın üzvü oyunun keçirildiyi Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyünün vəziyyəti haqda da məlumat verib. Futbolçu bildirib ki, hazırkı örtük əvvəlkilərdən qat-qat yaxşıdır: "Örtük təzə idi, yaxşıdır. Dəmir altlığı olan butslarla oynadım, ancaq gördüm ki, yenə sürüşürəm. Düşünürəm ki, növbəti oyunlarda daha yaxşı olacaq. Bir daha bizə dəstək olan hər kəsə minnətdarlığımı bildirirəm".

Qeyd edək ki, "Qarabağ" - "Anderlext" oyunu 1:0 hesabı ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi