Qara Qarayev Litva ilə oyun barədə: "Nə desəm, bəhanə kimi görünəcək"

Qara Qarayev Litva ilə oyun barədə: "Nə desəm, bəhanə kimi görünəcək" Azərbaycan millisinin futbolçusu Qara Qarayev evdə Litva yığması ilə qolsuz heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra brifinq keçirib.
Futbol
26 Mart , 2019 05:57
Qara Qarayev Litva ilə oyun barədə: Nə desəm, bəhanə kimi görünəcək

Azərbaycan millisinin futbolçusu Qara Qarayev evdə Litva yığması ilə qolsuz heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra brifinq keçirib.

27 yaşlı yarımmüdafiəçi "Report"un da suallarını cavablandırıb...

Bu gün hər kəs sizdən qələbə gözləyirdi. Nəyə görə bu, alınmadı?

- Azarkeşlərə və sizə təşəkkürümüzü bildiririk. Çox sağolun ki, bizi tək qoymadınız. Biz də qələbə qazanmaq istəyirdik, amma olmadı. Oyunda istədiyimizi etdik, real qol imkanları oldu, amma qol vura bilmədik. Bundan sonra daha çox çalışmaq lazımdır ki, nəticə əldə edə bilək. Biz yeni yaranmış komandayıq, 10 gündür ki, bir yerdəyik. Bu müddət ərzində 2-ci görüşümüzü keçirdik. İlk görüşümüz də ən güclü millilərdən biri Xorvatiyaya qarşı idi. Düşünürəm ki, pis başlamamışıq, bundan sonra daha da yaxşı olacağıq.

Litva millisinə qalib gələ bilmədiniz. Düşünmürsünüz ki, buna görə azarkeşlər sizi tənqid edəcək?

- Təbii ki, bu, bizim işimizdir. Nə vaxt qələbə qazana bilməsək və yaxşı nəticə əldə etməsək, tənqid olunacağıq. Xorvatiyaya qarşı da şanslarımızı aşağı qiymətləndirirdilər, amma 78-ci dəqiqəyə qədər 1 xal almağa yaxın idik. Hazırda bütün komandalar müdafiə olunub ən azı 1 xal qazana bilir. Bu gün də həmin matçlardan biri idi.

Yarımmüdafiənin mərkəzində Eddi İsrafilovla çıxış etmək sizə nə dərəcədə uyğun idi?

- Nəinki İsrafilovla, digər komanda yoldaşlarımla da oynamaq mənə rahatdır. Ona görə də baş məşqçi hansı seçimi edirsə, həmin futbolçularla rahat oynaya bilirəm.

Rəşad Sadıqov milli komandanı tərk edəndən sonra onun forma nömrəsini götürməyi düşünürdünüzmü?

- Yox, açığı o barədə düşünmürdüm. Nömrənin önəmli olduğunu fikirləşmirəm.

Bu gün oyunun tempi aşağı idi, hər kəs Xorvatiya ilə matçdan sonra sizdən 2-3 top fərqi ilə qələbə gözləyirdi. Sanki əzmkarlıq da əvvəlki kimi deyildi. Bu, nə ilə əlaqədardır?

- Nə desəm, bəhanə kimi görünəcək. Oyunun tempinin aşağı olduğunu düşünmürəm. İstədiyimiz qolu vura bilsəydik, oyunun tempi tam olaraq görünəcəkdi.

Əvvəlki, oyunlara nisbətən qapıya zərbələr də az idi…

- Qapıya yetərincə zərbəmiz oldu, ancaq qol vura bilmədik. Fikrimcə, 1 qol vursaydıq, oyun daha sürətli ola bilərdi.

Ən böyük səhv nədir ki, onun üzərində çalışıb, qalib gəlmək mümkün olsun?

- 10 günün komandasıyıq. Biz doğruları tapıb onun üzərində çalışırıq ki, yaxşılaşdıraq.

Hər iki matçda da əvəzləndiniz. Bu, nə ilə bağlıdır?

- Oyunun sonlarında əvəzlənmişəm. Düşünürəm ki, bu, normaldır, baş məşqçinin oyunda sürəti artırmaq istəməsi və taktiki dəyişiklik etməsi normaldır.

Qrupdakı vəziyyət barəsində nə deyə bilərsiniz? Belə çətin olacağını gözləyirdiniz?

- Düzdür, çətin olacağını gözləyirdik, amma vəziyyətin belə tez çətinləşəcəyini bilmirdik. 4 komandanın 3 xalı var və bu da bizim necə çətin qrupda olduğumuza işarədir.

Xorvatiyaya qarşı siz yaxşı oynadınız, yoxsa onlar hazırda elə də yaxşı səviyyədə deyillər?

- Bunu hər kəs müxtəlif tərəfə yoza bilər. Ya biz yaxşı oynadıq, ya onlar zəif idi. Buna görə dəqiq heç nə deyə bilmərəm. Lazım olan yaxşı nəticə üçün çalışmışdıq və onu qazanmağa az qalmışdı. Amma alınmadı.

Baş məşqçi Nikola Yurçeviçlə Qurban Qurbanovun kollektivi arasında hansı fərqlər var?

- Hər iki baş məşqçi çox tələbkardır. Atmosfer əvvəl də yaxşı idi, indi də. Komandadakı əhval-ruhiyyə yaxşıdır. Həm də biz 10 gündür ki, bir yerdəyik, ona görə də dəyərləndirmək üçün erkən olduğunu düşünürəm.

Sizcə, Yurçeviç daha çox riskə meylli deyil?

- Düşünürəm ki, bu oyunların sonlarında riskə getmək zamanı idi. Qələbə qazanmaq və nəticə əldə etmək üçün risk etmək olardı. Fikrimcə, bu, normal idi.

Nikola Yurçeviç də, Robert Prosineçki də xorvatiyalıdır. Onların arasında hansı fərqlər var?

- Düşünürəm ki, millidə çalışan əcnəbi baş məşqçilərin bizim oyunçulara və mentalitetə uyğunlaşması əsas məsələdir. Onların oyunçularla münasibəti və əlaqəsi yaxşıdır. Həm Prosineçki, həm də Yurçeviç oyunçularla yaxşı münasibət qura bilib.

Reallığa baxanda qrupda neçə xal toplayacağınızı düşünürsünüz?

- Bu, çox çətin sualdır, nə cavab verəcəyimi bilmirəm. Əlimizdən gələni edəcəyik ki, xal yığaq.

Son xəbərlər

Orphus sistemi