Qara Qarayev: "Bu oyunda xal qazanmaq bizim üçün çox vacib idi"

Qara Qarayev: "Bu oyunda xal qazanmaq bizim üçün çox vacib idi" Azərbaycan milli komandasının futbolçusu Qara Qarayev jurnalistlərin suallarını cavablandırıb
Futbol
4 Sentyabr , 2015 00:47
Qara Qarayev: Bu oyunda xal qazanmaq bizim üçün çox vacib idi

Bakı. 4 sentyabr. REPORT.AZ/ "Bu oyunda xal qazanmaq bizim üçün çox vacib idi. Bunu da əldə etdik". "Report"un məlumatına görə, bunu Xorvatiya yığması ilə 0:0 hesablı heç-heçə ilə nəticələnən AVRO-2016-nın seçmə qrup matçından sonra jurnalistlərə açıqlamasında Azərbaycan milli komandasının futbolçusu Qara Qarayev deyib.

23 yaşlı müdafiəçi bidirib ki, ötənilki uğursuzluqlardan sonra azarkeşlər millimizin oyunlarına az gəlirdilər: "Bu gün isə nisbətən çox sayda tamaşaçı gördük. Buna görə onlara xüsusi minnətdarlığımı bildirirəm. Növbəti oyunlarda bizə daha çox dəstək olacaqlarını gözləyirəm".

Qarayev oyunun sonlarında hamılıqla müdafiəyə çəkilmələrini baş məşqçi Robert Prosineçkinin tapşırığı ilə əlaqələndirib: "Son dəqiqələlərdə Prosineçki daha çox arxaya diqqət etməli olduğumuza dair göstəriş verdi. Əlbəttə, bu da başadüşülən idi. 90-cı dəqiqədə heç kim oyunu əldən vermək istəməz. Biz də bu səbəbdən, çox da hücum etmək istəmirdik. Düşünürəm ki, düz etmişik".

"Qarabağ"da da çıxış edən futbolçu ardıcıl oyunlardan sonra Malta ilə səfər qarşılaşması öncəsi yorğun olduğunu etiraf edib: "Sözsüz ki, biir az yorğunluq var. "Yanq Boyz"la cavab görüşündən sonra birbaşa milliyə qoşuldum. Yorğunluğa rəğmən, sentyabrın 6-da bizi Malta ilə səfər oyunu gözləyir. Bu, Xorvatiya ilə qarşılaşmadan da vacibdir. Düşünürəm ki, Malta səfərindən qələbə ilə ayrılsaq, hazırkı heç-heçənin dəyəri daha çox olacaq. Ona görə də hamılıqla növbəti görüşə köklənməliyik. Bu heç-heçə bizi aldatmamalıdır. Seçmə oyunlarında ilk və yeganə qələbəmizi Malta ilə evdəki qarşılaşmada qazanmışıq. Səfərdən də eyni nəticə ilə ayrılmaq istəyirik. Yığışıb, bu işin öhdəsindən gəlməyə çalışacağıq".

Qarayev bildirib ki, məqsədləri rekordlar qırmaq yox, daha yaxşı oynamaqdır: "Baş məşqçimiz bizdən əvvəl nə olubsa, unudulmasını istəyib. Yalnız uğur qazanmaq üçün meydana çıxırıq".

Son xəbərlər

Orphus sistemi