Yuxarı

Qara Qarayev: “Aramızda gizli bir şey qalmayıb"

Qara Qarayev: “Aramızda gizli bir şey qalmayıb"
© Report / Firi Salim — “Qarabağ”ın futbolçusu Qara Qarayev

"Komanda olaraq yaxşı hazırlaşmışıq. Ciddi itkilərimiz yoxdur". 

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Qara Qarayev UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Kiprin APOEL komandasına qarşı Bakıda keçirəcəkləri matçdan əvvəl mətbuat konfransında deyib. 27 yaşlı yarımmüdafiəçi müsbət nəticə qazanmağa çalışacaqlarını söyləyib: “Futbolçular üçün ən vacibi həm fiziki, həm də psixoloji cəhətdən hazır olmaqdır. Fikrimcə, bu baxımdan yaxşı hazırlaşmışıq. Çalışacağıq ki, öz meydanımızda azarkeşlərimizi sevindirək”. 

Qarayev bu ilin avqustunda Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşdıqları APOEL-i yaxşı tanıdıqlarını deyib: “Aramızda gizli bir şey qalmayıb. Rəqib də bizi tanıyır. Ən böyük üstünlüyümüz evdə oynamağımızdır. Azarkeşlərin dəstəyi bizə əlavə motivasiya verə bilər”. 

Təcrübəli oyunçu II turda "Düdelanj"ı Lüksemburqda 4:1 hesabı ilə məğlub etdikləri oyunda erməni təxribatı ilə üzləşmələrinə də toxunub: "İdmançı kimi, siyasəti idmana qatmaq istəmirik. Dünya arenasında işimizi meydanda görmüşük. Qarabağ bizimdir, bunu bütün dünya bilir. Bizim olan dəyərlərə görə, qıcıqlanmağa dəyməz. Kiməsə sübut edəcək nəyimizsə yoxdur. “Qarabağ”ın avrokubok oyununa əski parçasını gətirib nəyəsə iddia etməyin özü gülüncdür".

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - APOEL matçı saat 20:55-də başlanacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi