Yuxarı

"Qalatasaray"ın azərbaycanlı Konqres üzvü: "Klub rəhbərliyi və Mustafa Dənizli dərhal getməlidir" - MÜSAHİBƏ

3 kubok və 4-cü ulduzu qazandırmış Hamzaoğlunu qovub, yerinə Dənizlini gətirirsənsə, nəticə öncədən bəllidir

Bakı. 29 fevral. REPORT.AZ/ Türkiyənin "Qalatasaray" klubunun azərbaycanlı Konqres üzvü və "Galatasaray Store"nin Antalya mağazalarının rəhbəri Bəxtiyar Muradovun futbol komandasındakı son proseslərlə bağlı "Report"a müsahibəsi:

- "Qalatasaray"ın "Qaziantepspor"a məğlubiyyəti və Mustafa Dənizlinin baş məşqçi postundan getmə ehtimalı ilə bağlı hansı fikirdəsiniz?

- Böyük ehtimalla, Dənizli bu gün istefa verəcək. Klub rəhbərliyi də mayda tamamilə buraxılacaq.

- Sizcə, yaşananlarda klub rəhbərliyi də günahkardır?

- Əlbəttə. Dərhal getməlidirlər. Alınmadı, təəssüf...

- Mustafa Dənizli Azərbaycanda iki il öncə "Xəzər Lənkəran"ın da baş məşqçisi olub. Lakin o vaxt da zəif nəticələrlə əlaqədar istefa verib. Karyerasında eniş olduğu halda, Dənizli ilə anlaşmanı yanlış qərar saymırsız?

- Dənizlinin bu posta gəlişi tamamilə yanlış qərar idi. Çünki "Qalatasaray"a 3 kubok və 4-cü ulduzu qazandırmış Hamza Hamzaoğlunu qovub, yerinə Mustafa Dənizlini gətirirsənsə, nəticə öncədən bəllidir.

- Sizcə, Dənizli getsə, yerinə kim gəlməlidir? Hazırda Okan Burukun adı hallanır...

- Mirça Luçesku, Fatih Terim və ya Tanju Çolak gəlməlidir. Düzdür, Çolakın baş məşqçi karyerası elə də zəngin deyil. Amma bu vəzifəyə təyin olunsa, uğur qazanacağına inanıram. Keçmiş futbolçulardan Hasan Şaş da baş məşqçi ola bilər.

- UEFA-nın "Qalatasaray"ı Avropa kuboklarına buraxmama cəzası da gözləyir...

- Çox güman ki, cəza olmayacaq. Çünki artıq "Qalatasaray" borcunu lazımi qədər aşağı salıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi