Yuxarı

Prosineçki: "Xorvatiya ilə oyunda uğurlu nəticə əldə edəcəyik"

Futbolçular əllərindən gələni edirlər

Bakı. 1 sentyabr. REPORT.AZ/ "Komandada hamı sağlamdır. Dünən axşamdan bütün futbolçular bir yerdədir. Legionerlərimiz Dmitri Nazarovla Eddi İsrafilov da komandaya qoşulub". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki deyib.

Xorvatiyalı mütəxəssis bildirib ki, Xorvatiya ilə AVRO-2016-nın seçmə qrup matçı öncəsi bu gün tam heyətlə məşq olacaq: "Əsas odur ki, millidə zədəli futbolçu yoxdur. Hamı sağlamdır və məşq prosesindən razıyam. Futbolçular əllərindən gələni edirlər".

R.Prosineçkinin sözlərinə görə, vacib oyun öncəsi Vaqif Cavadovun "Qəbələ"yə keçməsi onu maraqlandırmır: "Millimizi vacib oyun gözləyir. Avropanın güclü komandası gəlir. Çox çətin rəqiblə qarşılaşacağıq. Amma mən öz komandama inanıram. İnanıram ki, sentyabrın 3-də güclü komandaya qarşı yaxşı oynayaraq, uğurlu nəticə əldə edəcəyik".

Baş məşqçi deyib ki, sentyabrın 3-də "Bakcell Arena"da Xorvatiya millisi ilə keçiriləcək qarşılaşmanın start heyətindəkilərin 90 faizi öz klublarında əsas heyətdə çıxış edənlərdən ibarət olacaq. Komandada ümumi ab-havanı müsbət dəyərləndirən R.Prosineçki 2 itkinin olduğunu söyləyib: "Maksim Medvedev zədə, Cavid Hüseynov məlum səbəbdən millimizə kömək edə bilməyəcək. Hazırda məni yalnız bu oyun maraqlandırır. İlk oyunu analiz etmişəm. Məqsədimiz odur ki, 0:6 hesabı ilə bitən matçdakı səhvləri təkrarlamayaq. Son 2 oyunda komandamız gözəl oyun ortaya qoyub. Xorvatiya futbolunu çox gözəl tanıyıram. Futbolçularının hansı klublarda çıxış etmələrindən xəbərdaram. Amma buna baxmayaraq, futbolçularıma inanıram və işim komandanı oyuna 100 faiz hazırlamaqdan ibarətdir".

Qeyd edək ki, Azərbaycan - Xorvatiya matçı saat 21:00-da başlanacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi