Yuxarı
    Bağlamaq

    Prosineçki Çempionlar Liqası yarımfinalçılarının şanslarını dəyərləndirib

    Barselona və Real Madridin son illər Çempionlar Liqasında hegemonluq etmələri normaldır

    Bakı. 24 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Çempionlar Liqasında yarımfinal mərhələsinə vəsiqə qazanmış komandaların şanslarını dəyərləndirib. Xorvatiyalı mütəxəssis "Report"a açıqlamasında əvvəllər futbolçu kimi formasını geyindiyi İspaniyanın "Barselona" və "Real Madrid" klublarının son illər hegemonluq etmələrini qanunauyğunluq adlandırıb.

    Bununla yanaşı, R.Prosineçki deyib ki, Almaniya "Bavariya"sı ilə İtaliya "Yuventus"u da dünyanın güclü klublarındandır: "Oyunçu siyasətinə baxdıqda, "Barselona" və "Real Madrid"in son illər Çempionlar Liqasında hegemonluq etmələri normaldır. Onları daim yarımfinalda görürük. Dünyada güclü klublardan ikisi "Barsa" və "Real Madrid"dir. Səhv etmirəmsə, "Real Madrid" 31, "Barselona" 30, "Bavariya" 25, "Yuventus" 22 dəfə yarımfinala vəsiqə qazanıb. Bu statistikaya əsasən demək olar ki, onlar dünyanın güclü klublarıdır".

    Təcrübəli mütəxəssis Çempionlar Liqasının favoritini yalnız saat 16:00-da atılacaq püşkdən sonra deyə biləcəyini söyləyib: "Bu gün "Bavariya" güclü futbol oynayır və bunu son oyunda da gördük. "Portu"nu darmadağın elədilər. "Barselona" əla səviyyədə futbol oynayır. "Real Madrid"də tam alınmır, çünki zədəli futbolçuları çoxdur. "Yuventus" da sürpriz edən komandadır. Dürüst oyun sərgiləsə, hər bir rəqibi yenə bilər. Yəni, bu klubların hamısı güclüdür. Ancaq 100 faizlik favorit deyə bilmərəm. Siz deyə bilərsinizmi ki, "Barselona" və "Real Madrid" komandalarının oyununda kim udar? Azarkeş kimi başqa bir şeydir, ancaq belə demək olmaz. Keçən il "Bavariya" favorit idi, ancaq "Real Madrid"ə 0:4 hesabı ilə uduzdu. Yəni, proqnoz vermək çox çətindir".

    Qeyd edək ki, Robert Prosineçki 1991 - 1994-cü illərdə "Real Madrid"də, 1995 - 1996-cı illərdə isə "Barselona"da çıxış edib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi