Prosineçki Bosniya və Herseqovina ilə Azərbaycan millilərini müqayisə edib

Prosineçki Bosniya və Herseqovina ilə Azərbaycan millilərini müqayisə edib Bakı. 4 yanvar. REPORT.AZ/ Əla oyunçulara malik komandanın yeni baş məşqçisi olduğum üçün çox şadam.
Futbol
4 Yanvar , 2018 22:26
Prosineçki Bosniya və Herseqovina ilə Azərbaycan millilərini müqayisə edib

Bakı. 4 yanvar. REPORT.AZ/ "Əla oyunçulara malik komandanın yeni baş məşqçisi olduğum üçün çox şadam".

"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki Bosniya və Herseqovina yığmasında eyni vəzifəyə təyinatını şərh edərkən deyib.

Xorvatiyalı mütəxəssis yeni komanda ilə çox şeyə qadir olduqlarını bildirib: "Bosniya və Herseqovina millisində ən əsası lider oyunçular mövcuddur. Qarşıda xeyli iş var. Motivasiyamız bu çətinlikləri dəf etməyə qadirdir.

Sabah və ya birisigün işə başlayacağıq. İnanıram ki, yaxşı iş görərək, 2020-ci il Avropa çempionatına vəsiqə qazana biləcəyik".

Prosineçki deyib ki, ilk işi yanvarın sonlarında gerçəkləşdirəcəkləri Amerika turunda hamı ilə söhbət etməkdən ibarət olacaq. Onun fikrincə, Bosniya və Herseqovina millisinin AVRO-2020-yə yolu Millətlər Liqası ilə daha asandır. O, heyətdəki gənc oyunçularla birgə yaxşı oyun sərgiləmələrinə heç bir təhlükənin olmayacağını vurğulayıb.

Yeni baş məşqçinin aylıq maaşı sələfi Mehmed Bajdareviç kimi, 15 min avro olacaq. Halbuki Prosineçki Azərbaycan millisində köməkçiləri ilə birgə ayına 100 min avro qazanıb. Lakin 49 yaşlı mütəxəssis Bosniya və Herseqovina yığmasında pulun onun üçün vacib məsələ olmadığını söyləyib: "Əsas məsələ yaxşı işləməkdir. Mən yalnız uzun müddətdir birgə çalışdığım Qordan Tsipriç və Draqan Spasiçlə birgə olmağımı istəmişdim. 

Bosniya və Herseqovina yığması yüksək keyfiyyətli və çox çalışqan oyunçulara malik komandadır. Bu komandanın oyun keyfiyyəti Azərbaycan millisindən böyük addım irəlidədir. Buna görə də qarşılıqlı məmnunluq naminə hər şeyi edəcəyimizi düşünürəm".

Qeyd edək ki, Robert Prosineçki Bosniya və Herseqovina yığmasının sükanı arxasında ilk 2 görüşünü yanvarın 28-də ABŞ, yanvarın 31-də isə Meksikaya qarşı keçirəcək. Oyunların tarixi FİFA təqviminə düşmədiyindən Prosineçki hər iki yoldaşlıq matçında daha çox yerli çempionatda çıxış edən futbolçulardan yararlanacaq.

Son xəbərlər

Orphus sistemi