Prosineçki Avropa çempionatının ən dəyərli oyunçularının adlarını açıqlayıb

Prosineçki Avropa çempionatının ən dəyərli oyunçularının adlarını açıqlayıb "İnyesta daha yaxşı formada olduğu üçün üstünlüyə malikdir"
Futbol
17 İyun , 2016 09:45
Prosineçki Avropa çempionatının ən dəyərli oyunçularının adlarını açıqlayıb

Bakı. 17 iyun. REPORT.AZ/ Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Avropa çempionatının ən dəyərli oyunçularını açıqlayıb. "Report"un məlumatına görə, xorvatiyalı mütəxəssis "Sportske Novosti"yə açıqlamasında Luka Modriçlə Andres İnyestanın adlarını çəkib.

Onun fikrincə, Xorvatiya yığmasında çıxış edən Modriçlə İspaniya millisinin oyunçusu Andres İnyesta çempionata ən yaxşı vaxtlarında qatılıb. Prosineçki deyib ki, İspaniyanın müvafiq olaraq, "Real Madrid" və "Barselona" klublarında forma geyinən yarımmüdafiəçilər onun daha çox xoşuna gəlir. Baş məşqçi Modriçlə İnyestanın ilk turda Türkiyə və Çexiya ilə qarşılaşmaların ən yaxşısı seçilmələrini təsadüfi saymayıb. O əmindir ki, hər iki futbolçu qarşıdakı turlarda da bu səviyyəni qoruyacaq və onlardan biri çempion olacaq.

Bu gün Xorvatiya Çexiya ilə, İspaniya isə Türkiyə ilə qarşılaşacaq. Son turda isə İspaniya - Xorvatiya görüşü olacaq. Prosineçkinin fikrincə, məhz bu matç çempionatın ən dəyərli futbolçusunu müəyyənləşdirmək baxımından da önəmli sayılacaq. Lakin ötənlərin məşhur futbolçusu onu da bildirib ki, İnyesta daha yaxşı formada olduğu üçün üstünlüyə malikdir.

Qeyd edək ki, hazırda Fransada olan Robert Prosineçki ilk turda Azərbaycanın 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsindəki rəqibi Çexiyanın İspaniya ilə görüşünü izləyib. Matç İspaniyanın qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu Andres İnyestanın ötürməsindən sonra Jerar Pike vurub.  

Son xəbərlər

Orphus sistemi