Azərbaycan ​Premyer Liqasının XXXI turu rekordlarla yadda qalıb

Azərbaycan ​Premyer Liqasının XXXI turu rekordlarla yadda qalıb "Zirə", "Qarabağ" və "Rəvan" yeni nailiyyətlərə imza atıb
Futbol
25 Aprel , 2016 11:11
Azərbaycan ​Premyer Liqasının XXXI turu rekordlarla yadda qalıb

Bakı. 25 aprel. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının debütantı "Zirə" ardıcıl 4-cü qarşılaşmada qapısını toxunulmaz saxlayıb. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, "Sumqayıt" (1:0), "Rəvan" (4:0) və "Xəzər Lənkəran" (1:0) üzərində qələbələrin ardından "Neftçi” ilə qolsuz heç-heçə sayəsində zirəlilər 31 turda özünün ən uzun quru seriyasına imza atıb.

Komandanın qapıçısı Anar Nəzirov artıq 372 dəqiqədir qapısında qol görmür. O, sonuncu dəfə XXVII turun "Kəpəz"lə qarşılaşmasında qol üzüntüsü yaşayıb. Həmin matçın 78-ci dəqiqəsində komanda yoldaşı Tellur Mütəllimov avtoqol müəllifi olub.

Ansi Aqolli isə "Qarabağ"ın tarixinə düşüb. Albaniyalı müdafiəçi komandanın heyətində ən çox oyun keçirən legioner ünvanına yiyələnib. Bu, "İnter"lə ev oyununda gerçəkləşib. Komandasının 2:0 hesabı ilə qalib gəldiyi matçı Aqollinin "göy-qaralar"ın heyətində 228-ci matçı olub. 34 yaşlı legioner çempionatda 168, kubokda 17, avrokuboklarda 43 dəfə "Qarabağ"ın şərəfini qoruyub. 228 matçda çıxış edən müdafiəçi 3-ü çempionat, 1-i avrokuboklarda olmaqla, 4 dəfə rəqib qapılarına yol tapıb. Aqolli 228-ə çatmaqla Albaniya yığması və "Qarabağ"dakı sabiq komanda yoldaşı Admir Telinin rekordunu yeniləyib. Onadək əyalət klubunda ən çox oyun keçirən legioner Teli olub. Amma sonuncu Premyer Liqa və kubokda daha çox oynasa da, həmyerlisi avrokuboklar hesabına ümumi oyun sayında lider olub.

Bu turun AZAL-la ev oyunu "Rəvan" üçün tarixi qələbə ilə əlamətdar olub. Paytaxt klubu ölkə çempionatlarının yüksək dəstəsində 30-cu qələbəsini əldə edib. 1:0 hesabı ilə qalib gələn Bəhmən Həsənovun rəhbərlik etdiyi komanda Premyer Liqadakı 131-ci oyunda 30-cu dəfə 3 xal əldə edib. Komandanın hesabında 33 heç-heçə və 68 məğlubiyyət də var. "Rəvan" 4 mövsüm ərzində 127 qol vurub, 206-nı buraxıb. Bakılılar 30 qələbədən 18-ni evdə, 12-ni səfərdə əldə edib. Komanda qələbə sayında Azərbaycan çempionatları tarixinin 28-ci komandasıdır.

Son xəbərlər

Orphus sistemi