Yuxarı

Bu gün Azərbaycan Premyer Liqasında ilk dövrənin son turuna start veriləcək

AZAL və Neftçi oyuna itkilərlə çıxacaq

Bakı. 23 oktyabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının IX turuna start veriləcək. "Report"un məlumatına görə, ilk dövrənin son turunun ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

AZAL klubu "Neftçi"ni qəbul edəcək. Bakının Şüvəlan qəsəbəsindəki "AZAL Arena"da keçiriləcək qarşılaşma hər iki komanda üçün böyük əhəmiyyət kəsb edir. Əvvəlki 8 turda yalnız bir dəfə qələbə qazanan və eyni sayda heç-heçə edən Tərlan Əhmədovun rəhbərlik etdiyi komanda ev oyunundan 3 xalla ayrılsa, autsayder "Rəvan"la xal vərqini 5-ə çatdıracaq. Bu halda AZAL xallarını 7-yə çatdıraraq, 7-ci pilləyə yüksələcək. "Təyyarəçilər" matça bir itki ilə çıxacaqlar. Kapitan Seymur Əsədov zədə səbəbindən bugünkü qarşılaşmanı buraxmalı olacaq. 

Hazırda 9 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşan "Neftçi" isə 3 xal sayəsində "Kəpəz"i geridə qoyaraq bir pillə yüksələcək. Cari mövsüm heç də uğurlu oyun sərgiləməyən paytaxt təmsilçisinin də aparıcı üzvlərindən 2-si meydanda olmayacaq. Zədə səbəbindən yarımmüdafiəçi Araz Abdullayev və cəzalı hücumçu Fəhmin Muradbəyli komandaya tribunadan dəstək verməli olacaqlar. Bir müddətdir zədədən əziyyət çəkən, ötən turun son dəqiqələrində meydana çıxan Anyetenin AZAL-a qarşı forma geyinib-geyinməyəcəyi isə hələ məlum deyil.

Azərbaycan Premyer Liqası, IX tur

23 oktyabr

18:00. AZAL – "Neftçi"

Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Elman Musayev, Nail Nağıyev

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Məlik Həsənov

"AZAL Arena"

Qeyd edək ki, turun digər oyunları 24-25 oktyabrda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi