Premyer Liqada cəzalanmış hakimlərə təyinat verilib

Premyer Liqada cəzalanmış hakimlərə təyinat verilib Ömər Paşayev ardıcıl 4-cü oyunda meydana çıxacaq
Futbol
19 Fevral , 2016 11:26
Premyer Liqada cəzalanmış hakimlərə təyinat verilib

Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının bu həftə keçiriləcək oyunlarında son iki turda təyinat almayan referilər iş başında olacaqlar. "Report"un məlumatına görə, Hakimlər Komitəsi bu turda əvvəlkilərlə müqayisədə yalnız Ömər Paşayevə güvənib.

XX və XXI turlarda meydanda olan Rəhim Həsənov, İnqilab Məmmədov və Rəvan Həmzəzadə bu dəfə istirahət edəcəklər. Son iki turu meydanda keçirən Elvin Əsgərov isə "Xəzər Lənkəran" və "Zirə" komandaları arasında keçiriləcək oyunun dördüncü hakimi olacaq. Əsgərov XX və XXI turlarda müvafiq olaraq "Neftçi" - "Rəvan" və AZAL - "İnter" oyunlarına baş hakim qismində təyinat alıb.

Geridə qalan son 2 turdan fərqli olaraq AFFA Hakimlər Komitəsi tərəfindən cəzalandırılan Fariz Yusifov, Əliyar Ağayev və Rauf Cabbarov bu həftə meydanda olacaqlar. Sonuncu dəfə Premyer Liqanın XIX turunda "Kəpəz" - "Qəbələ" matçına təyinat alan Yusifov bu gün keçiriləcək "İnter" - "Kəpəz" oyununu idarə edəcək. Əliyar Ağayev isə "Sumqayıt" - AZAL oyununda fit çalacaq.

Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Rauf Cabbarova 2 həftəlik fasilədən sonra daha məsuliyyətli oyun verib. R.Cabbarov "Qarabağ" və "Neftçi" komandaları arasında keçiriləcək görüşün baş hakimi olacaq.

Son turlarda eyni təyinatların olmasına baxmayaraq, X.Məmmədov hakimlərin cəzalanması gerçəkliyini inkar edib. "Futbolun inkişaf etdiyi ölkələrdə hakimlər ayda iki matça təyinat alırlar. Biz də hər turda bir hakimə istirahət verməklə rəqabət yaratmağa çalışırıq" deyən Məmmədov, artıq 4-cü turdur ki, Ömər Paşayevə oyun həvalə edir. Bəlkə də, bu Paşayevin oyunlarda qətiyyətli qərarlar qəbul etməsi ilə bağlıdır. Görünür referinin "Kəpəz" - "Qarabağ" matçında qəbul etdiyi qərar ardıcıl 4-cü təyinata səbəb olub.

Əvəzində həmin qarşılaşmada səhvə yol verən Vaqif Musayev bir tur sonra istirahət edib. Hazırda V.Musayev də ardıcıl iki turda iş başında olacaq.

Son xəbərlər

Orphus sistemi