Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, Zirə İdman Kompleksinin stadionunda eyniadlı komanda "Keşlə"ni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.
Qolların hamısı ilk yarıda vurulub. Hesabı 6-cı dəqiqədə İlkin Muradova qarşı kobudluqdan sonra penalti ilə Xulio Sezar Rodriges açıb. Bundan 5 dəqiqə sonra paraqvaylı hücumçu cərimə zərbəsini dəqiq yerinə yetirib. 35-ci dəqiqədə isə kapitan Cavid Hüseynov kombinasiyalı hücumu dəqiq zərbə ilə tamamlayıb.
"Keşlə" təsəlli qolunu ilk yarının 5-ci uzatma dəqiqəsində vurub.
İkinci hissədə isə qonaqlar azlıqda qalıb. 59-cu dəqiqədə Sezar Meza Kolli "Zirə"nin futbolçusuna bilərəkdən zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alıb.
Beləliklə, "Zirə" xallarını 14-ə yüksəldərək, 5-ci pilləyə yüksəlib. 19 xalı olan "Keşlə" isə 2-ci pillədə qalıb.
Qeyd edək ki, turun ilk 2 oyununda "Sumqayıt" evdə "Qarabağ"ı 2:1, "Sabah" səfərdə "Səbail"i 3:1 hesabı ilə yenib. Tura saat 17:00-da başlanacaq "Neftçi" - "Qəbələ" matçı ilə yekun vurulacaq.