Yuxarı

​PFL "Xəzər Lənkəran"ın müraciətinə mənfi cavab verib

Bu barədə qurumun texniki departamentinin rəhbəri bildirib

Bakı. 29 fevral. REPORT.AZ/ Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Kubokunun 1/4 final mərhələsində "Xəzər Lənkəran" və "Neftçi" komandaları arasında keçiriləcək ilk oyunun vaxtını dəyişdirməyəcək. Bu barədə "Report"a qurumun texniki departamentinin rəhbəri Zamiq Hüseynov məlumat verib.

Lənkəran klubunun oyun saatının dəyişdirilməsi ilə bağlı müraciət etdiyini bildirən Z.Hüseynovun sözlərinə görə, qarşılaşma əvvəlcədən də təyin olunduğu kimi, saat 14:00-da başlayacaq: "Oyunun başlanma saatı hər iki tərəflə razılaşdırılıb. Digər tərəfdən, "Xəzər Lənkəran" müraciətində heç bir səbəb göstərməyib. Üstəlik, "Neftçi"yə də bu barədə heç bir müraciət edilməyib. Bunları nəzərə alaraq, deyə bilərik ki, oyunun başlama saatı dəyişdirilməyəcək".

"Xəzər Lənkəran" klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu "Report"a açıqlamasında müraciətin səbəbini açıqlayıb: "Oyun 14:00-a təyin olunub. Ancaq azarkeşlər bizə vaxtın bir neçə saat irəli çəkilməsi üçün müraciət edirlər. Həm də baş məşqçinin istəyi də belədir. Bu səbəbdən biz də PFL-ə müraciət etmişik".

"Neftçi" klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mehman Rəsulov isə bildirib ki, onlara nə "Xəzər Lənkəran", nə də PFL-dən rəsmi müraciəti ünvanlanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi