Yuxarı
    Bağlamaq

    PFL prezidenti: "Klublar borclarını verməsələr də problem yoxdur"

    Klubları sıxa bilmərik

    Bakı. 14 avqust. REPORT.AZ/ Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasında ilk turun "Sumqayıt" - "Kəpəz" matçını canlı izləyib. 

    "Report"un məlumatına görə, qarşılaşmanın ardından Musayev jurnalistlər üçün brifinq keçirib...

    - Nəyə görə məhz Sumqayıtdakı oyunu izləməyi qərara aldınız?

    - İlk turun oyunlarından 3-ü Bakıda idi. Səhhətimlə əlaqədar rayonlara çox gedə bilmirəm. "Kəpəz"in oyununu canlı izləmək və komanda ilə görüşmək niyyəti ilə Sumqayıta gəldim. Belə də oldu. Birinci növbədə, Gəncə komandası ilə görüşdüm.

    - Deməli, oyuna "Kəpəz"ə görə gəlmişdiniz?

    - Bəli.

    - Görüş barədə fikirləriniz necədir?

    - Çox yaxşı, həyəcanlı, maraqlı oyun oldu. Xeyli adrenalin yaşadıq. Əsas odur ki, meydanda yerli və milliyə lazımi oyunçuların sayı çox idi.

    - Oyuna xeyli azarkeş tribunadan kənarda baxdı...

    - Kənarda dayanan və pilləkənlərdə oturan uşaqları gördükdə ürəyim ağrıdı, xəcalət çəkdim. Bu məsələyə görə "Sumqayıt" rəhbərliyi ilə danışacağam. Klubların bizə olan borclarını yığa bilsək, PFL adından əlavə tribuna tikərək, azarkeşlərə hədiyyə edəcəyik.

    - Klublara borclarını ödəmələri üçün möhlət verdiyinizi demişdiniz. Bu möhlət nə vaxt bitir?

    - Gərək yalan danışmayaq. Bu möhlətləri sənəd üzərində qoyuruq. Verməsələr də problem yoxdur. Çünki bütün dünyada böhrandır. Klubları sıxa bilmərik.

    - Bəs onda PFL nə ilə dolanır?

    - Sizin kimi qardaşların hesabına.

    - Bu qədər gənc hakim olduğu halda görüşün Fariz Yusifova tapşırılmasının səbəbi nə idi?

    - "Sumqayıt" - "Kəpəz" matçında bizim üçün vacib məqam referinin futbolçulara oynamaq imkanı verməsi idi. Yusifovun təcrübəsini nəzərə alaraq, qərara gəldik ki, görüşə onu təyin edək. Elə idarə etdi ki, oyundan həzz aldıq.

    - Səhhətinizin uzaq səfərlərə getməyə imkan vermədiyini dediniz. Gecə saat 1-də evə qayıdıb sabah səhər işə çıxmaq sizə çətin olmayacaq?

    - Xeyr. Sanki məzuniyyətdən qayıdıram. Hər iki komandanın ilk olaraq, rəhbərlərinə, sonra isə baş məşqçilərinə təşəkkür edirəm ki, belə kollektivlər qurublar. Bunun çox da böyük olmayan büdcə ilə edilməsini də vurğulamalıyam. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi