PFL prezidenti: "İcra başçıları futbolun inkişafı üzərində düşünməlidirlər" - MÜSAHİBƏ

PFL prezidenti: "İcra başçıları futbolun inkişafı üzərində düşünməlidirlər" - MÜSAHİBƏ Ramin Musayev: "Biz də istədik ki, "Qarabağ" erkən çempion olmasın"
Futbol
18 May , 2016 10:20
PFL prezidenti: İcra başçıları futbolun inkişafı üzərində düşünməlidirlər - MÜSAHİBƏ

Bakı. 17 may. REPORT.AZ/ Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin "Report"a müsahibəsi

- Mövsümün başa çatmasına Azərbaycan Premyer Liqasında bir tur, ölkə kubokunda isə bir oyun qaldı. Mövsümü necə dəyərləndirirsiniz?

- Mövsümü pis dəyərləndirmirik. Çünki son turda üç komanda bürünc medal uğrunda mübarizə aparacaq. Hansı yer uğrunda mübarizədən asılı olmayaraq, əsas odur ki, çempionatın son turu maraqlı olacaq. Bundan əlavə, iki komanda Premyer Liqada qalmaq uğrunda mübarizə aparacaq. Demək, çempionat maraqlıdır. Gördüyümüz bütün işlərin nəticəsi avrokuboklarda bilinəcək. Əfsuslar olsun ki, "Zirə" və "İnter" gedə bilmir. Demirəm ki, avrokuboklara gedəcək digər komandalar zəif nəticə göstərəcəklər. Söhbət ondan gedir ki, ilboyu əzab çək və vəsiqə qazan, amma getmə. Bunlara baxmayaraq, gördüyümüz işlərin nəticəsi avrokuboklarda bilinəcək.

- Amma çoxlarının fikrincə, çempionun 4 tur əvvəldən bilinməsi və hazırda ən yaxın izləyicisini 19 xal qabaqlaması Premyer Liqaya marağı azaldır...

- Bilirsiniz, biz də istədik ki, "Qarabağ" erkən çempion olmasın. Nə qədər istədik "Qarabağ"ın ayağından dartaq, getməyə qoymayaq, amma getdilər. "Qarabağ" atla qaçırdı. Çata bilmədik (gülür - red.).

- Artıq 10 komanda ilə 4 dövrəli sistemə keçərkən, bu ehtimal vardı ki, komandalar bir birindən xeyli aralanacaq. Çünki bəzi ölkələrdə artıq bunun şahidi olmuşduq...

- Altılıq sistemi yadınıza gəlir? Çox maraqlı oyunlar gedirdi, mübarizə son turlarda da davam edirdi. Onu da lağa qoydular, onu da pislədilər. Biz daha da gərgin keçən çempionat istəyirik. Bunun üçün stadionlar dolmalıdır. Azarkeş olanda oyun gərgin keçir, maraqlı olur. Oyunçularda və hakimlərdə məsuliyyət olur. Hər komandada 11 futbolçu, 5 məşqçi və ehtiyat oyunçular olur. Azarkeş isə olmur. Buna hakim neyləsin, oyunçu neyləsin? Özləri-özləri üçün oynayırlar. Stadionları doldurmaq lazımdır. Klublarda azarkeşlərlə işləyən insanlar olmalıdır. Onlar çalışmalı, nəsə etməlidirlər. Azarkeşləri stadionlara dəvət etmək lazımdır. Eşidirik ki, komanda filan transferə milyonlarla pul ayırıb. Fikirləşirsən ki, bunlar bu qədər pulu hardan alıb? Doğrudan da onların oyunlarına azarkeş gəlir və o pulu azarkeşlərdən qazanırlar. Əfsuslar olsun ki, "Xəzər Lənkəran"dan başqa bizim elə bir komandamız yoxdur ki, klubun hər hansı problemini azarkeşdən qazandığı maliyyə ilə bağlaya bilsin. Bu gün üçün yoxdur. Gəlin, düz danışaq: Bu, kimin günahıdır? Bu klubda işləyən rəhbərlərin və oyunçuların günahıdır. Türkiyə, İspaniya və başqa ölkələrin çempionatlarına baxın. Ola bilməz ki, şəhərə çıxasan və hər hansı futbolçunun adı olan formanı kimdəsə görməyəsən. Ancaq gəlin, Azərbaycanın bütün regionlarını gəzək. Görək futbolçularımızdan birinin maykası azarkeşin əynində varmı? Ən uzağı, birini görə bilərik, o da 14 nömrəli Rəşad Sadıqov. Yaxşı oyunçularımız çoxdur. Amma azarkeş sevgisini qazanan oyunçu olmaq lazımdır. Tək oyunla yox, azarkeşlə davranışınla bunu qazanmalısan. Uduzan kimi azarkeşə əl edib gedirlər. Udanda sevindiklərindən bəlkə gedirlər, bəlkə getmirlər. Azarkeşi incitmək olmaz. Futbol kimin üçün oynanılır?

- Stadiona gələn azsaylı azarkeşlər də ya meydana nə isə atır, ya da fişəng yandırırlar...

- Azarkeş sayını artırmaq lazımdır. Atmalıdırlar da... Onda PFL haradan qazansın, haradan maaş versin işçilərə? (gülür - red.)

- Bir neçə gün öncə "Neftçala"nı mükafatlandırarkən, komanda ilə söhbət etdiniz. Bu klubun Premyer Liqada oynamasında maneə nədədir?

- Özlərinə də dedim, sizin vasitənizlə də müraciət edirəm: Ay "Neftçala" klubunun rəhbərləri, sənədlərinizi çatdırın. Sənədlərinizi tam çatdırın ki, sabah nə AFFA, nə də PFL-i oyunçular qarşısında utandırmayasınız. Bu gün də AFFA-nın lisenziyalaşma qrupundan soruşdum. Cavab verdilər ki, "Neftçala" lazımi sənədləri verməyib.

- Orada əsas problem stadionla bağlıdır?

- Xeyr. Klub özü bilir. Problemləri var və gətirib müvafiq sənədi verməlidirlər. Mən onlara da demişəm, sizə də açıq deyirəm: "Neftçala" maliyyə sənədini verməyib. Həmin sənəddə borcların, klubun maliyyə ilə bağlı hər hansı probleminin olub-olmaması göstərilir. Maliyyəçi olmadığımdan, bunu hərtərəfli izah edə bilmərəm. Amma onu bilirəm ki, həmin sənəd mayın 30-dək çatdırılmalıdır. Verməsələr, artıq öz günahlarıdır.

- Maliyyə sənədi verilsə, Neftçala şəhər stadionunun hazırkı durumu Premyer Liqada oynamaq üçün problem olmayacaq?

- Yox, niyə olsun? Lazım olacaq bir aya hər şey həll ediləcək. Bu gün üçün problem maliyyə sənədlərinin verilməməsidir.

- I Divizionun qalibi "Neftçala" mükafatlandırmadan imtina etmişdi. Onlar sizin sözlərinizdən sonra bu addımı atdıqlarını bildiriblər...

- Özlərinə də dedim ki, futbol kişi oyunudur. Əfsuslar olsun aramızda arvadağız kişilər də var. Çünki orada mənim adımdan "Bu il Premyer Liqaya "Zaqatala" və "Turan Tovuz" gələcək" söz-söhbətləri yayılmışdı. Mən heç vaxt elə söz eşitməmişəm və deməmişəm. Neftçalada yaxınlaşdığım ilk şəxs mayor rütbəli polis zabiti olub. Onunla söhbət etdim. Bu ərəfədə klub rəhbərləri yaxınlaşdı. Dedilər ki, buyurun, kölgədə oturaq. Çay içdik, ümumi futboldan danışdıq. Futbol qurtardı, baxdık ki, pıçıldaşma gedir. "Komanda mükafatlandırmaya çıxmır" dedilər. Səbəbini soruşdum, cavab verdilər ki, Ramin Musayevin adından "Neftçala" Premyer Liqada oynamayacaq" sözləri yayılıb. 

- Komanda ilə görüşdə maraqlı bir söz dediniz: "Dünyada elə bir komanda yoxdur ki, ardıcıl iki dəfə I Divizionun qalibi olsun. Bu, rekord göstəricidir"...

- Düz demişəm.

- Belə çıxır ki, gələn mövsüm də "Neftçala" Premyer Liqada oynamasa, ardıcıl 3-cü dəfə I Divizionun qalibi ola bilər... 

- Yox, yəqin ki, olmaz. Sizin vasitənizlə də deyirəm ki, maliyyə problemlərini həll etsinlər. Gərək insan özü çalışdığı yerdə öz nöqsanını görə, öz üzərində işləyə və sonra da kimdənsə nəsə tələb edə. Mən klub rəhbərlərinə görə demirəm, orada oynayan futbolçulara görə ürəyim ağrıyır. "Neftçala" bu il də Premyer Liqaya gəlməsə, gələn mövsüm eyni effekti verməz. Onlar da insandırlar axı. Qarda, soyuqda oynayırlar, əziyyət çəkirlər, amma Premyer Liqaya yüksələ bilmirlər. Bu da olmaz. Axı klubun öz məqsədləri var.

- "Neftçala" maliyyə sənədini vaxtında təqdim etməsə, necə olacaq: Premyer Liqaya namizəd komandalar müəyyənləşməyib?

- Onu hələ deməyək. Çünki "Neftçala"nın problemi həll edə biləcəyini gözləyirəm. Gəlməsələr, o biri komandalara müraciət edərik. Hansı klubun sənədləri, maliyyə durumu qaydasında olacaqsa, o da gələcək.

- Necə fikirləşirsiniz, bu gün aşağı dəstədən Premyer Liqada iştirak etməyə qadir komanda var?

- Niyə yoxdur ki? "Şərurspor"dan hər gün mənə zəng edirlər. Bildirirlər ki, maliyyə durumu imkan verir və böyük məmnuniyyətlə gəlmək istəyirlər. Hansı bankdan nə cür təminat tələb olunursa, onu da gətirməyə hazırdırlar. Yəni, klubun maliyyə durumu imkan verir. Sərdar Bağırov deyir ki, mən bank təminatımı gətirirəm. Bütün şərtlərə, şəraitə uyğun komanda formalaşdıraraq, turnirdə iştirak etməyə hazır olduğunu bildirir.

- Bəs stadion məsələsi necə olacaq?

- Onu da həll edirlər. İstəyirlər ki, ev oyunlarını Şərurda keçirsinlər. Amma digər klubların Naxçıvana gediş-gəliş problemi olduğundan, hələ onu danışmamışıq. Mən əvvəlcədən nə danışım? Bəlkə onlar heç orada oynamayacaq? Amma ev oyunları Bakıda keçirilə bilər. İndi "Şərurspor"la bağlı yol, gediş-gəliş məsələsi var. Klubların maliyyə durumunu nəzərə almaq lazımdır. Bakı ətrafında torpaq sahəsi almağa, yenidən stadion tikməyə hazırdırlar. Yəni, futbola maliyyə qoymaq istəyən insanlarımız var.

- Yenə də Bakı çempionatı olur axı...

- Mən Bakı ətrafında dedim.

- Demək istəyirsiniz ki, Bakı çempionatının coğrafiyası bir az da genişlənəcək? Amma söhbət Azərbaycan Premyer Liqasından gedir...

- Bilirsiniz necədir? Zorla özünü sevdirə bilmərsən. Biz də kimisə məcburən futbola gətirə bilmərik. Məcburi gətirsək, görmüşük ki, elə komandaların taleyi nə ilə qurtarır. Gərək maddi durumu buna imkan verə və istəyi ola. Bunlar üst-üstə düşməlidir. Belə olmasa, nə futbol olacaq? Siz fikir verirsinizmi, Şüvəlanda AZAL azarkeşlərinin sayı artıb. Əvvəllər "İnter Arena"da oynayırdı, 10 nəfər azarkeş gəlmirdi. İndi Şüvəlana yüzlərlə azarkeş gəlir. Uşaq futbolunu inkişaf etdirirlər, yerli oyunçuların sayı artır. Vaxılə Rövnəq Abdullayev paytaxt klublarına adlarını fəaliyyət göstərdikləri qəsəbəyə uyğunlaşdırmağı təklif edəndə bəzi klub rəhbərləri, sponsorlar küsdülər. Dedilər ki, Bakı "İnter"i və ya "Bakı"nın özü brenddir. Halbuki hər bir rayonun, qəsəbənin sakini öz komandasına azarkeşlik edir. Məsələn, Qəbələdə 10 nəfər olar ki, başqa komandaya azarkeşlik etsin. Bakının "İnter" və "Neftçi" komandaları oynayır. Tamaşaçı kimə azarkeşlik etsin? Amma "İnter" "İnter-Keşlə" olsaydı, ev oyununa daha çox azarkeş gələrdi. Mən "Zirə" rəhbərliyinə minnətdaram. Gəldilər, dedilər komandaya ad fikiriləşmişik. Soruşdum harda oynayacaqsınız, dedilər Zirədə. Dedim, adını "Zirə" qoyun. İndi də mənə minnətdarlıq edirlər. Biz bu adı qoymaqda udduq. Zirə komandasına "Bolnisi" adını qoymaq olmaz axı. "Şərurspor" da Şəruru təmsil edir. Məgər Bakıda şərurlular azdır? 

- "Şərurspor"un adı I Divizionda oyun alqı-satqısında hallandı. Ehtiyat etmirsiniz ki, bu komanda Premyer Liqaya gəlsə, danışılmış oyun söz-söhbətləri daha da çoxalacaq?

- O bəhanələr olub, olacaq. Lazımi hüquqi instansiyalara yazılı şəkildə müraciət olunub. İnsanlarla söhbətlər olub, bəziləri haqda məlumatımız olub, nömrələri də verilib. Hüquq-mühafizə orqanlarımız onun üzərində çalışırlar. Lazımi işləri görürlər, hər şey edirlər. Elə bir şey olsa, üzə çıxar. Mətbuatda yazılmışdı ki, filan komandanın oyunu danışılmışdı. Məsələn, deyir oyun danışılıb və 2:1 qurtaracaq. Amma oyun 1:1 bitir, deyir bu oyun danışılıb. Necə ola bilər? Gərək biz onu tutaq, sübut edək ki, cəzalandıraq. Bu da necə olmalıdır? Futbolçulardan kimsə deməlidir ki, bəli, bu, belə olub. Mən əvvəllər polis əməkdaşı olmuşam. Kimlərdən şübhələnmişiksə, onun nömrələrini vermişik. Orada jurnalist, azarkeş, "qara bazar" işlədən adamların da adları var. "Topaz"da iştirak edən insan danışılmış oyunda ola bilməz. "Topaz"da danışılmış oyun sisteminin getməsi mümkün deyil. Bu, yalnız "qarab bazar"da gedir ki, orada işləyən insanların siyahısı da bizdə var. Biz bunu da öyrənmişik. Şəxsən mən, Ramin Musayev həmin insanların adlarını da, ünvanlarını da, telefon nömrələrini də hüquq-mühafizə orqanlarına vermişəm. Onlar da araşdırırlar. Elə bir şey olsa, üzə çıxardı, bizə məlumat verilərdi. Çünki mən məktubu qanunla göndərmişəm, müraciət etmişəm. Rəsmi məktuba da cavab gəlməlidir.

- Düzdür, üstündən xeyli müddət keçib. Amma Elxan Məmmədov özü də "Turan" - "Neftçi" oyununu faciəvi adlandırmışdı...

- Mən də şübhələnmişəm. "Qarabağ" "Rəvan"a uduzub. İndi cavab verin, "Rəvan" udubsa, deməli, oyun satılıb?

- "Qarabağ" bu oyuna ciddi yanaşmamışdı, çünki meydanda ikinci heyət mübarizə aparırdı...

- Niyə "Turan" - "Neftçi" oyununa "satılıb" deyirsiniz? Şübhə var. "Xəzər Lənkəran" "Sumqayıt"ı udurdu. Bir nəfər zəng edib ki, görürsən, "Sumqayıt" oyunu verib. Deyirəm: "A kişi, "Sumqayıt"ın rəhbərliyini də futbolçularını da tanıyıram. Bu, oyundur, belə şey ola bilməz". Axırda gəldi "Sumqayıt" uddu. Biz insanlar bəzən rəy bildirməyə tələsirik. Bir kino qurtarsın, sonra deyək ki, kim öldü, kim qaldı. "Rəvan"ın "Qarabağ"ı udması mənim ağlıma gəlmirdi. "Rəvan" uddu, deyirlər ola bilməz. İndi mən şübhələnim ki, "Qarabağ" qəsdən uduzdu? Siz də dediniz, "Qarabağ" artıq çempionluğu təmin edib, yəqin ki, kubokun finalına hazırlaşır və istəmir ki, oyunçuları zədə alsın. Süni örtükdür, zədə ola bilərmi? Bəli, ehtimal var.

- I Divizionda xeyli bölgə komandası var. Onlardan cəlb edərək Premyer Liqa komandalarının sayını artırmaq mümkündür? 

- Yaxşı olardı ki, komandaların sayı çox olsun. Premyer Liqada təmsil olunan bölgələrin də sayı çoxalsın. Amma sponsor yoxdursa, çempionata başlayaq, sonra komanda çıxışını dayandırsın, təqvim qarışsın, bu da düzgün deyil. Bölgələrdə belə komanda olsa, şəxsən mən xahiş edərəm ki, AFFA İcraiyyə Komitəsinin iclası çağırılsın, komanda sayı 12-yə qaldırılsın. Hətta 16 komanda da olmasına sevə-sevə razılıq verərik. Təki sponsor olsun, o komandaları maliyyələşdirsin, komandalar gəlsin və Premyer Liqada çıxış etsin. Futbolçular da mənə müracitə edirlər. "İnsan-insanla nə qədər kubokda, çempionatda üz-üzə gələr" soruşurlar. Artıq insan bezir. Razıyam, ancaq bu durumla, bu şəraitlə razılaşmağa məcburuq. Çünki başqa yolumuz yoxdur.

- Amma klubların özlərinin müəyyən büdcəsi var və həmin büdcəyə uyğun addım atmaq olar...

- Bilirsiniz, mən bilirəm ki, hansı klubun büdcəsi nə qədərdir. Bu, hiss olunur. Divizionda elə klublar var ki, cərimələr yığılıb nə qədər olub, ödəməyib. Heç mən özüm də onları ödəməyə məcbur etmirəm. Niyə? Çünki onun ödəməyə imkanı yoxdur. Əfsuslar olsun ki, bölgələrdə icra başçıları futbola kömək etmirlər. Hamısı yox, çoxu kömək etmir. 

- Bu da ölkənin idman siyasətinə ziddir... 

- Bəli, ölkənin idman siyasətinə ziddir. Tək park salmaq, yol düzəltməklə deyil. Bunlar hamısı dövlətin vəsaitindən gedir. Bəs icra başçıları nə edirlər? İnsan tarixdə bir iz qoyar. Tovuzda, Gəncədə, Şəmkirdə, Zaqatalada futbol dayanmışdı. Bunları kim bərpa etdi? Həmin regionlara futbolu Rövnəq Abdullayev qaytardı. Bunların hamısını AFFA prezidenti etməlidir? Bəs yerlərdə icra başçıları nə edir? Rəşad Sadıqovu "Kayserispor"da ikən ziyarət etməyə getmişdim. Maşını saxladıq, dayanacaqda binaya girdik. Çıxanda maşının üstünə kağız qoymuşdular. Kağızda filan qədər pul ödəniləcəyi və bu pulun komandaya çatacağı yazılmışdı. Elə bir bölgəmiz yoxdur ki, orada bazar, dayanacaqlar olmasın. Bu pul həmin komandanı saxlamağa bəs edər. Bir ay ərzində yığılan o pul bir komandanı saxlamağa yetər. Bunu etmək olmaz? Bir icra başçısı addım atsa, digərləri də edəcək. Amma yoxdur. Gözəl bölgələrimiz, rayonlarımız var. Yerli icra başçıları futbolun inkişafı üzərində düşünməlidirlər. Komanda yaradılsa, rayondakı otellər də, restoranlar da, digər infrastruktur obyektləri də qazanc əldə edəcək. Onsuz qoyduğun pulu qazanırsan da. Ən azı, bu komandanı sən yaradırsan. Hər rayonda otel və Olimpiya kompleksləri var. Yəni, həmin pullar qayıdır. Qonaq gələn komandalar həmin pulu qaytaracaqlar. Ancaq bunu fikirləşmirlər. Əfsuslar olsun...

- AFFA-nın I Divizionda çıxış edən bəzi bölgə klublarına ayırdığı vəsait onların Premyer Liqada iştirakları üçün yetərli deyil? 

- Xeyr.

- Yeni mövsüm üçün hansı planlarınız var?

- Hələ bu məsələdə tələsməyək. Bu çempionatı qurtaraq, sonra...

Son xəbərlər

Orphus sistemi