Azərbaycan Premyer Liqasının bürünc medalları Qəbələyə aparılacaq

Azərbaycan Premyer Liqasının bürünc medalları Qəbələyə aparılacaq Bu barədə PFL-dən məlumat verilib
Futbol
25 May , 2015 12:01
Azərbaycan Premyer Liqasının bürünc medalları Qəbələyə aparılacaq

Bakı. 25 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında 2014-2015-ci il mövsümünün bürünc medalları Qəbələyə aparılacaq. Bu barədə "Report"a Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.

O, bildirib ki, PFL prezidenti Ramin Musayev də medalları təqdim etmək üçün Qəbələdə olacaq. Çünki hazırkı vəziyyətdə bürünc medala ən yaxın komanda "Qəbələ"dir: "Neftçi" ən yaxın qonşusundan 3 xal geri qalır. Son turda "Qəbələ" məğlub, "Neftçi" qalib olarsa, turnir cədvəlində xallar bərabər olacaq. Öz aralarındakı oyunlarda da eyni nəticələr qeydə alınıb. Lakin ümumi qol fərqinə görə, "Neftçi" bürünc medala sahib çıxmaq üçün 4 top fərqi ilə qalib gəlməli, "Qəbələ" isə rəqib qapısından top keçirmədən məğlub olmalıdır".

Premyer Liqanın cari mövsümünün son turunun oyunları mayın 28-də keçiriləcək. "Qəbələ" doğma meydanda "Bakı"nı, "Neftçi" isə AZAL-ı qəbul edəcək. Hazırda paytaxt təmsilçisi turnir cədvəlində "qırmızı qaralar"dan 3 xal geridə - 4-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, mövsümün qızıl və gümüş medallarının sahibləri "Qarabağ"la "İnter" ötən tur "İnter Arena"da mükafatlandırılıblar.

Son xəbərlər

Orphus sistemi