Petru Raku: "Azərbaycan millisindəki bəzi oyunçuları "Qarabağ"ın heyətindən tanıyıram"

Petru Raku: "Azərbaycan millisindəki bəzi oyunçuları "Qarabağ"ın heyətindən tanıyıram" "Azərbaycan yaxşı komandadır"
Futbol
20 Yanvar , 2018 06:06
Petru Raku: Azərbaycan millisindəki bəzi oyunçuları Qarabağın heyətindən tanıyıram

Bakı. 20 yanvar. REPORT.AZ/ "Həmişəki kimi, təəssüratlarımız çox müsbətdir. Bütün futbolçular özlərini göstərmək və yığmada nəyisə dəyişmək istəyirlər ki, nəticələr də gəlsin".

"Report"un məlumatına görə, bunu Moldova millisinin futbolçusu Petru Raku yanvarın 27-də Cənubi Koreya, yanvarın 30-da isə Azərbaycan milliləri ilə keçirəcəkləri yoldaşlıq görüşlərinə hazırlıq prosesini dəyərləndirərkən deyib.

Hazırda "Şerif" klubunda çıxış edən 31 yaşlı müdafiəçi yeni baş məşqçi Aleksandr Spiridonu belə dəyərləndirib:

"Onun təcrübəsi və Avropa mentaliteti göz qabağındadır. Spiridonun təyinatına hamımız müsbət yanaşdıq. Hamı yığmaya layiq olduğunu göstərməyə hazırdır. Yeni baş məşqçinin gəlişi bütün oyunçular üçün, xüsusən yoldaşlıq görüşlərində özlərini göstərmək şansının yarandığı deməkdir. Hazırlıq intensiv rejimdə gedir. Biz istirahətdən yenicə qayıtmışıq. Məşqlər daha çətin olsa da, daha yaxşı olmağımız üçündür".

Raku Cənubi Koreya və Azərbaycan milliləri ilə görüşlərdən gözləntilərini də açıqlayıb:

"Cənubi Koreya - dünya çempionatına hazırlaşan komandadır. Türkiyəyə hansı heyətlə gələcəyini bilmirəm. Azərbaycan yığmasından isə bəzi oyunçuları tanıyıram. Çünki biz ötən yay "Şerif"in heyətində "Qarabağ"a qarşı oynamışdıq. Yaxşı komandadırlar. Bizim heyətdə isə yalnız Moldova çempionatındakı futbolçular çıxış edirlər. Antalyaya öz məqsədlərimiz üçün gedirik və yaxşı nəticə ilə qayıdacağımıza ümidvarıq".

Əvvəlki 9 matçda Moldovanın 3 qələbəsinə Azərbaycan millisi 2 qalibiyyətlə cavab verib. 4 görüşdə isə qalib müəyyənləşməyib. Bu komandalar arasındakı son oyun 2015-ci il noyabrın 17-də Bakı Olimpiya Stadionunda təşkil olunub. Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. "Qarabağ" isə "Şerif"lə Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk görüşündə evdə 0:0 hesablı heç-heçə etsə də, səfərdən qələbə ilə qayıdıb - 2:1. Hər iki qarşılaşmada Petru Raku 90 dəqiqə meydanda olub.

Son xəbərlər

Orphus sistemi