Bakı. 7 iyun. REPORT.AZ/ Əfsanəvi futbolçu Pele Rusiyada keçiriləcək dünya çempionatı haqda fikirlərini bölüşüb.
"Report" ESPN-ə istinadən xəbər verir ki, Pele Braziliya millisinin oyunundan narahat olduğunu vurğulayıb. 3 qat dünya çempionu deyib: "Məni yalnız bir şey narahat edir. Dünya çempionatının başlamasına bir neçə gün qalsa da, biz mundiala uyğun komandaya sahib deyilik. Fərdi olaraq, bütün oyunçular yaxşıdır. Amma komanda kimi yaxşı deyilik".
Pele Neymarın onun üçün ən yaxşı oyunçulardan biri olduğunu sözlərinə əlavə edib: "Neymar hazırda daha yetkin və təcrübəli futbolçudur. Amma o təkbaşına dünya çempionatını qazanmayacaq. Belə turnirlərdə yalnız komandalar qalib gəlir. Braziliya millisinin ən yaxşı komandası 1970-ci ildə olub. Biz futbolçularla 6 ay birlikdə vaxt keçirdik. Məhz buna görə bizdə hər şey alınırdı".
Qeyd edək ki, Braziliya yığması dünya çempionatında Kosta-Rika, Serbiya və İsveçrə ilə birgə E qrupunda mübarizə aparacaq.