Yuxarı
    Bağlamaq

    PAOK-un baş məşqçisi: "Qarabağ"la oyun əsl derbi olacaq"

    İlk oyunda yetirmələrimin fərdi səhvləri var idi

    Yunanıstan, Saloniki. 2 noyabr. REPORT.AZ/ "Qarabağ"la ilk oyunda yetirmələrimin fərdi səhvləri var idi ki, bunu da inkar etmək olmaz. Bəlkə də mövsümdə ən zəif oyunlarımızdan biri idi. Ancaq bu, artıq keçmişdə qalıb. Biz həmin matçı təhlil edərək səhvlərimiz üzərinə işləmişik".

    "Report"un məlumatına görə, bu fikirləri "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində növbəti rəqibi olan Yunanıstanın PAOK klubunun baş məşqçisi Vladimir İviç bu gün keçirdiyi mətbuat konfransında bildirib.

    O, komandamızla sabahkı matçda yaxşı nəticə qazanmaq istədiklərini söyləyib:

    "Bu müddət ərzində çox ciddi hazırlaşmışıq. "Qarabağ"ı daha yaxşı tanıyırıq. Hər şey həmişə gözlədiyimiz kimi olmur. Sabah daha səmərəli oyun göstərməli, meydanda daha intizamlı, müdafiə planında çox diqqətli olmalıyıq".

    İviç zədəli futbolçulardan da danışıb. O, Calma Kamposun məşqdə zədələndiyini bildirib:

    "İstəyərik ki, tez qayıtsın, ancaq buna həkimlərimiz qərar verəcək. Kamposun vacib matç öncəsi zədələnməsinə çox üzülmüşük. O, istənilən komandaya problem yarada biləcək hücumçudur. Calmanın xidmətindən yararlana bilmiriksə, başqa şeylər düşünməliyik. Bir neçə variantımız var. Meydanda fərq yarada biləcək futbolçularımız çoxdur. Pelkas artıq məşqlərə başlayıb və özünü yaxşı hiss edir. Yəqin ki, gələn oyunlarda meydana çıxa biləcək. Tzavellas isə sabah meydana çıxacaq futbolçular arasında olacaq”.

    Xorvatiyalı mütəxəssisin fikrincə, qrup mübarizəsində hələ heç nə bitməyib:

    "Qarşıda 3 oyun var. Bəzən 4 xalla qrupdan çıxmaq şansın olur, bəzən isə bu, 6 xal ilə mümkün olmur. Bu dəfə 4 xal bizə mübarizəni davam etmək şansı yaradır. Bunun üçün mütləq qələbə qazanmalıyıq. Həm Superliqada, həm də Avroliqada uğurlu çıxışımızı davam etdirmək istəyirik. Əgər inamın varsa, deməli, qələbə şansın da var. Qorxmuram, çəkinmirəm. Biz göstərmişik ki, xüsusi problemimiz yoxdursa, lap yaxşı oynaya bilərik".

    İviçin fikrincə, sabah əsl derbi olacaq:

    "Bəlkə də rəqibin adı sizə çox şey demir. Ancaq biz gördük ki, "Qarabağ” çox keyfiyyətli heyətə malikdir. Ümid edirəm ki, sabah tam hazır olacağıq”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi