​PAOK-un baş məşqçisi: Səfərdə "Qəbələ" kimi komanda ilə oynamaq asan deyil

​PAOK-un baş məşqçisi: Səfərdə "Qəbələ" kimi komanda ilə oynamaq asan deyil "1 xalı yaxşı nəticə sayıram"
Futbol
18 Sentyabr , 2015 07:45
​PAOK-un baş məşqçisi: Səfərdə Qəbələ kimi komanda ilə oynamaq asan deyil

Bakı. 18 sentyabr. REPORT.AZ/ "Kifayət qədər yaxşı oynadıq. Qalib gəlmək istərdik. Amma səfərdə "Qəbələ" kimi komanda ilə oynamaq asan deyil. Məğlub da ola bilərdik. Bu mənada 1 xalı yaxşı nəticə sayıram".

"Report"un məlumatına görə, bunu Yunanıstan PAOK-unun baş məşqçisi İqor Tudor "Qəbələ" ilə Bakıda Avropa Liqasının qrup mərhələsinin ilk tur matçından sonra deyib.

Xorvatiyalı mütəxəssis oyun zamanı qurduğu taktika və dəyişikliklərlə bağlı bunları deyib:

"Hər bir məşqçinin öz taktiki baxışları var. Mən də buna uyğun taktika qurdum. Son 10 dəqiqədə qələbə topunu vura bilərdik. Ona görə bəzi dəyişikliklər edə bilərdik. 0:0 hesablı nəticə bizi qane etmirdi. Belə nəticənin səbəbləri çoxdur. Bunlardan biri də bəzi oyunçuların yaxşı vəziyyətdə olmaması ilə bağlıdır".

Tudor bildirib ki, Dimitar Berbatovun PAOK-un start heyətinə çıxması üçün vaxta ehtiyac var. O, gələcəkdə bolqar hücumçunun fərdi keyfiyyətlərindən yararlanmağı düşündüklərini söyləyib. Baş məşqçi komandanın hazırkı formasından razı olduğunu və vəziyyətin rəqibə görə dəyişdiyini əlavə edib:

"Futbolda əsas çətinlik sürətin çatmaması ilə bağlıdır. Qənaətbəxş oyun göstərsələr belə, çatışmayan cəhət tapıb ortaya çıxara bilirəm. Deməzdim ki, qapıya zərbələrdə effektivlik çatmırdı".

Tudor yunan komandaları və Xorvatiya yığmasının Bakıda qələbəyə həsrət qalması ilə bağlı suala cavab olaraq, bildirib ki, tilsimi növbəti matçda qırmaq niyyətindədir:

"Növbəti oyunda bu tilsimi qıracağam. Bu faktı unutmaq olmaz ki, Azərbaycan futbolu inkişaf edir. Robert Prosineçkinin də cəlb olunması bunu təsdiqləyir. Klublar da səviyyəli oyunçulara pul xərcləyirlər".

Son xəbərlər

Orphus sistemi