Oyun zamanı meydana limonun atılması məsələsinə AFFA İntizam Komitəsində baxılacaq

Oyun zamanı meydana limonun atılması məsələsinə AFFA İntizam Komitəsində baxılacaq Vaqif Davudov: "45 ildir futboldayam, belə şeylər gözümdən qaçmaz, mənə keçməz!"
Futbol
9 Fevral , 2016 11:28
Oyun zamanı meydana limonun atılması məsələsinə AFFA İntizam Komitəsində baxılacaq

Bakı. 9 fevral. REPORT.AZ/ AFFA İntizam Komitəsinin bugünkü iclasında Azərbaycan Premyer Liqasında XX turun "Qarabağ" - "Xəzər Lənkəran" oyunu zamanı yerli azarkeşlərin meydana limon atması məsələsinə də baxılacaq. Bu barədə "Report"a komitə üzvü və Peşəkar Futbol Liqasının (PFL) baş direktoru Məlik Həsənov məlumat verib.

Onun sözlərinə görə, Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionundakı matçda baş vermiş hadisə AFFA nümayəndəsi Vaqif Davudov tərəfindən qeydə alınıb. Lakin M.Həsənov limonun "kənar əşya", yoxsa "təhqiramiz jest" kimi dəyərləndiriləcəyini açıqlamayıb. PFL rəsmisi indidən bu haqda danışmağa səlahiyyətinin olmadığını və hər şeyin günorta saatlarında açıqlanacaq qərarda əksini tapacağını vurğulayıb.

Öz növbəsində V.Davudov "Report"a açıqlamasında olayı protokolunda qeydə aldığını təsdiqləyib: "Hadisə 2-ci dəqiqədə baş verdi. Limonu  "Qarabağ" azarkeşləri oturan sektordan meydançaya futbolçulara yox, boş sahəyə atdılar. Hətta oyundan sonra "Qarabağ"ın yeniyetmə azarkeşləri öz sevinclərini bölüşmək üçün futbolçulara tərəf qaçdılar. Buna da icazə yoxdur və protokolda qeyd etdim. 45 ildir futboldayam, belə şeylər gözümdən qaçmaz, mənə keçməz!" 

Qeyd edək ki, oyun "Qarabağ"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Son xəbərlər

Orphus sistemi