Orxan Sadıqlı: "Paltardəyişmə otağına girəndə gördüm ki, Kamran "məni dəyişin, oynamıram" deyir"

Orxan Sadıqlı: "Paltardəyişmə otağına girəndə gördüm ki, Kamran "məni dəyişin, oynamıram" deyir" "Kamrana dedim ki, sakitləş, stress öz oyununa təsir edir"
Futbol
28 Aprel , 2018 19:47
Orxan Sadıqlı: Paltardəyişmə otağına girəndə gördüm ki, Kamran məni dəyişin, oynamıram deyir

Bakı. 28 aprel. REPORT.AZ/ "Bizim üçün həqiqətən də çətin oyun olacağını bilirdik. Ona görə də hazırlaşmışdıq. Həm də ilk 3 dövrədəki məğlubiyyətlər bizə stimul vermişdi. Heç olmasa, məğlubiyyətlərdən birinin əvəzini çıxmaq niyyətində idik. Sevinirik ki, düzgün oynadıq, bir-birimizə kömək etdik və qalib gəldik. Hamını təbrik etdik".

"Report" xəbər verir ki, bunu "Keşlə"nin qapıçısı Orxan Sadıqlı evdə "Neftçi"ni 2:1 hesabı ilə yendikləri Topaz Premyer Liqasının XXV tur matçından sonra deyib.

25 yaşlı qolkiper daha sonra jurnalistlərin suallarını cavablandırıb...

Fasilə zamanı nə baş verdi ki, ikinci hissədə Kamran Ağayevin əvəzinə sən meydana daxil oldun?

- Oyunda bir epizod oldu. Uşaqlar arasında nə isə baş verdi. Oyundur, belə hallar olur. Mənə dedilər ki, baş məşqçi səni çağırır. Yuri Maksimov "Hazırlaş, gir oyuna" söylədi. Mən də çıxıb oynadım. Nələrin baş verməsindən xəbərsizəm.

Yəni, içəridə hansısa söz-söhbətin olduğundan xəbərsizsən?

- Bəli, xəbərim yoxdur. Sadəcə, paltardəyişmə otağına girəndə gördüm ki, Kamran "məni dəyişin, oynamıram" deyir. Əvvəl nə olubsa, xəbərim yoxdur. Sadəcə, Kamrana dedim ki, sakitləş, stress öz oyununa təsir edir. İnanıram ki, ciddi bir şey yoxdur.

Kamran Ağayev oyunu izləyənlər arasında da yer almadı, çıxıb getdi...

- Onu bilmirəm. Mənim diqqətim yalnız oyunda idi. Ona fikir verməmişəm. Yəqin ki, buralarda olar da... Hara gedəcək ki...

Turnir cədvəlində mövqeyinizə ciddi təsir etməyən qələbələr qazanırsınız. Bunlar ölkə kubokunun final matçı ərəfəsində sizə psixoloji üstünlük qazandırır?

- Düzdür, turnir cədvəlində yerimizi dəyişmirik. Amma bizim də öz adımız var. Futbolçu ilk növbədə, öz adı üçün oynayır. Əlimiz heç yerə çatmır deyə, bütün oyunlarda uduzmağımız da düzgün deyil. Sadəcə, bu qələbələr də bir stimuldur. Öz ad-sanımıza görə oynayırıq ki, kubokun finalına qədər hazır olaq. Çempionatda isə bacardığımız qədər xal toplamaq niyyətindəyik. Mövsümün ilk yarısında çox zəif çıxış etmişik, 8 görüşdə uduzmuşduq. Bunun nəticəsidir ki, indi 6-cı yerdəyik. İnanıram ki, növbəti oyunlarımız da uğurlu alınar.

Yuri Maksimov komandada nəyi dəyişib?

- Maksimov çox zarafatcıl insandır. Kiçikdən böyüyədək hamı ilə deyib-gülür. Sadəcə, kollektivi, kollektivdaxili ab-havanı qorumağı bacarır. Matçda da kompakt şəkildə çıxış edirik. Bu da öz nəticəsini meydanda verir. Bir-birimizin necə oynayacağımızı başa düşürük. Məncə, uğurlarımız bunun nəticəsində əldə olunub. Hamını motivasiya etməyi bacarır, hər şey göz qabağındadır. Mövsümün ikinci yarısında toparlanaraq, finala yüksəlmişik. Çempionatda isə bacardığımız qədər xallar toplayırıq.

Son xəbərlər

Orphus sistemi