Nurlan Novruzov "Bakı"dan üzr istəyib

Nurlan Novruzov "Bakı"dan üzr istəyib Futbolçu sabahdan təlim-məşq toplanışına qoşulacaq
Futbol
13 Yanvar , 2015 17:40
Nurlan Novruzov Bakıdan üzr istəyib

Bakı. 13 yanvar. REPORT.AZ/ "Bakı"nın futbolçusu Nurlan Novruzov mətbuatdakı açıqlamaları ilə əlaqədar klubdan üzr istəyib. Bu barədə "Report"a klubun vitse-prezidenti Yaşar Seyidov məlumat verib. 

Onun sözlərinə görə, 22 yaşlı hücumçu klubun bazasına gələrək onunla görüşüb. N.Novruzov son günlər klub əleyhinə dediklərini cavanlıq səhvi adlandırıb və bağışlanmasını xahiş edib: "Biz də onun gənc və perspektivli futbolçu olduğunu nəzərə alaraq bağışladıq. Nurlan sabahdan start verəcəyimiz təlim-məşq toplanışımıza qatılacaq". 

Klub rəsmisi problemin həllində mətbuatın da rolunu qabardaraq, "Report"a xüsusi təşəkkürünü bildirib: "Yanvarın 10-da agentliyinizdə dərc olunan müsahibəmin bu məsələnin yoluna qoyulmasında böyük rolu oldu. Həmin müsahibə ilə AFFA rəhbərliyi də tanış oldu və problemin həllində köməyini əsirgəmədi. Buna görə klubumuza dəstək olan "Report"a və digər mətbu orqanlara, eləcə də AFFA rəhbərliyinə minnətdarlığımı bildirirəm". 

Qeyd edək ki, Nurlan Novruzov "Bakı"nın ona 15 ayadək əmək haqqı borcunun olduğunu bildirərək, klubun məşqlərinə qatılmırdı. O, azad agent statusu ilə başqa komandaya keçmək istədiyini bildirirdi. Klub isə onun iddialarının həqiqətəuyğun olmadığını deyərək, üzr istəməyəcəyi halda məşqlərə buraxılmayacağını açıqlamışdı. Klubdan getməsi üçün isə "Bakı" N.Novruzovdan kompensasiya tələb edirdi.  

Son xəbərlər

Orphus sistemi