Yuxarı

Nizami Hacıyev: “İnter”in aqibətinin necə olacağını bilmirəm”

Nizami Hacıyev: “İnter”in aqibətinin necə olacağını bilmirəm”
“Millidə oynamalıyam, bunu sübut edəcəyəm də”

Bakı. 19 mart. REPORT.AZ/ “İnter”in futbolçusu Nizami Hacıyev Azərbaycan Premyer Liqasının XXIII turu çərçivəsində “Neftçi”yə səfərdə 0:1 hesablı məğlubiyyətdən sonra jurnalistlərin suallarını cavablandırıb.

“Report” həmin müsahibəni təqdim edir.

Məğlub oldunuz. Oyunla bağlı nə düşünürsünüz?

- Həqiqətən də yaxşı, baxımlı oyun keçdi. Epizodları xatırlayıram. "Neftçi" də qəşəng qollar vurdu. Bizim də çoxlu qol şansımız oldu. Əfsuslar olsun ki, imkanlarımızdan maksimum istifadə edə bilmədik, məğlub olduq. Ədalətli nəticə heç-heçə olardı. İdman xoşbəxtliyi “Neftçi”nin tərəfində idi. Qələbə münasibəti ilə rəqibi təbrik edirəm.

Bu gün “Neftçi”nin yubileyidir. 80 illiyə layiq bir şey gördünüz?

- Real danışmaq lazımdır, hazırkı “Neftçi” ötənilkindən və ilk iki dövrədəkindən qat-qat yaxşıdır. Bunu meydançada hiss edirəm. Belə bir “fantan” yox idi, amma nəticə göz qabağındadır. “Qəbələ”ni, bizi məğlub etdilər, “Qarabağ”la heç-heçə oynadılar. Yaxşı nəticələr qazanırlar, inkişaf var.

Soruşmaq istədiyim bu deyildi. Yəni, “Neftçi” 80 illik yubileyə layiq bir atmosfer var idi?

- Bu, həmişə belə olub da. İstəyir 80 illik olsun, istəyir 180, yenə eyni azarkeş gələcək. Heyif ki, Avropadakı atmosfer yoxdur. Biz də istərdik tribunalar dolu olsun.

Bu məğlubiyyət “İnter”in avrokubok şansını azaltmır ki?

- Yox, deməzdim ki, avrokubok şansı azalır. Bizə 2 qələbə lazımdır, onu da əldə edəcəyik.

Bu gün də qol vurdunuz. Sanki Robert Prosineçkinin milliyə dəvət etməməyi sizə motivasiya verir...

- Baş məşqçi çağırmamaqla demək istəyir ki, mən hələ hazır deyiləm. Mən isə qollarımla hazır olduğumu göstərmək istəyirəm.

Qol vurandan sonra kiməsə zəng vuracaqsınız?

- Oyundan qabaq da zəng etmişdim, artıq gərək yoxdur. İctimaiyyət də bilir ki, mən milliyə layiqəm. Qardaş, hər şey görsənir də. Futboldan anlayışı olanda bilir, olmayanda. Demişəm ki, millidə oynamalıyam, bunu sübut edəcəyəm də.

“İnter” bu heyətlə avrokubokda nəyə ümid edə bilər?

- Çox ağır sualdır. Buna cavab vermək çətindir. Heç klubun aqibətinin necə olacağını bilmirəm. Bu klubu sevirəm. Ürəyimi verməyə hazıram. Acınacaqlı durumdur. Ümidverici heç nə yoxdur. Sadəcə, sözlərdir, əməl yoxdur. Söz verirlər ki, yaxşı olacaq. Lakin 100 faizlik heç nə görünmür. Avrokuboklardan danışmaq tezdir. Klubdakı futbolçuların əksəriyyətinin müqaviləsinin müddəti bitir.

Milli komandamız bu heyətlə Almaniya ilə oyunda nəyə ümid edə bilər. Orta xətt oyunçularının çoxu öz klublarında əsas heyət üzvü deyillər...

- Baş məşqçinin qərarıdır. Kimi hazır sayırsa, onu çağırır. Mənə maraqlı olan ölkənin bayrağıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi