Bakı "İnter"inin kapitanı klub prezidentinin fikirlərinə qarşı çıxıb

Bakı "İnter"inin kapitanı klub prezidentinin fikirlərinə qarşı çıxıb Nizami Hacıyev: "Qarabağ"la oyundan sonra xaricə getmişdim"
Futbol
3 Mart , 2016 13:03
Bakı İnterinin kapitanı klub prezidentinin fikirlərinə qarşı çıxıb

Bakı. 3 mart. REPORT.AZ/ "Deməzdim ki, asan məğlub olduq. Sadəcə bir az bəxtimiz gətirmədi. 6-7 yüz faizlik qol epizodlarından 3-ü məndə oldu və yararlana bilmədim". "Report"un məlumatına görə, bunu Azərbaycan Kubokunun ilk 1/4 final matçında səfərdə "Rəvan"a 1:2 hesablı məğlubiyyətdən sonra Bakının "İnter" klubunun futbolçusu Nizami Hacıyev jurnalistlərə açıqlamasında deyib.

28 yaşlı yarımmüdafiəçi bu məğlubiyyətin komandada narahatlıq yaratdığını söyləyib. Lakin kapitan hələ qarşıda cavab görüşü olduğundan, heç nəyin bitmədiyini qeyd edib: "Əlbəttə narahatlıq var. Səbəb isə kubok görüşündə uduzmağımızdır. Lakin heç nə bitməyib. Öz meydanımızda minimal hesablı qələbə bizi növbəti mərhələyə çıxaracaq. "Rəvan"ı qələbə münasibətilə təbrik edirəm. Düzdür, bir az vaxtı gecikdirirdilər, istər-istəməz futbolçuların əsəbləri ilə oynayırdılar. Amma hər komanda, hər futbolçu qalib gəlmək istəyir. Qarşıda cavab oyunu var və bu görüşdə hər şeyə aydınlıq gələcək".

N.Hacıyev "Rəvan"la görüşdə işinin öhdəsindən gələ bilmədiyini deyib: "Deməzdim ki, bütün məsuliyyət mənim üstümdədir. Çünki məndən əlavə də futbolçular var. Düzdür, son zamanlarda bir neçə qol vurmuşam. Ancaq bu, bütün komandanın yaratdığı imkandır ki, mən də yararlana bilmişəm. Komanda mənə güvənirsə, cavab görüşü və digər oyunlarda da əlimdən gələni edəcəyəm. Deyərdim ki, "Rəvan"la oyunda işimin öhdəsindən gələ bilmədim. Çünki çətin oyun oldu və yüz faizlik üç qol epizodundan yararlana bilmədim. Qol vura bilərdim, amma olmadı. Bu görüş mənim üçün bir az ağır keçdi. Ancaq heç nə bitməyib. Qələbə üçün son nöqtə, düzgün qərar qəbul etmək çatmırdı. Bir epizodda başımı topa asta vurdum və alınmadı. Bəlkə də bir az möhkəm vursaydım, başqa cür olardı. Təbii ki, "Qarabağ"la oyundan sonra komandada yorğunluq vardı. Həmin görüşdən sonra mən də xaricə getmişdim. Oyundan bir gün əvvəl gəlmişəm. Yorğunluq vardı. Amma baş məşqçi mənə güvənirsə, demək, mən yorğunluğu unudub əlimdən gələni etməliyəm".

Kapitan komandasının həm kubok, həm də Premyer Liqaya diqqət ayırdığı və heç bir yarışı ikinci dərəcəli hesab etmədiyini söyləyib: "Kuboka diqqət ayırmamağımız tamamilə yanlış məlumatdır. Klub prezidenti bunu deyirsə, onun da öz fikirləri var. Bir futbolçu kimi deyə bilərəm ki, mənim üçün çempionat və ya kubokun fərqi yoxdur. Hər iki cəbhədə mübarizə aparmağa hazıram. Bunun üçün də əlimdən gələni edəcəyəm. Bəlkə klub prezidenti başqa şeyləri düşünüb belə deyir. Mən futbolçuyam və bilmədiyimiz şeylər var. Meydana çıxıramsa, əlimdən gələni etməliyəm".

Çıxış etdiyi komandanın ölkə çempionatındakı mövqeyindən danışan N.Hacıyev Premyer Liqanın debütantı "Zirə"dən geri qalmalarından məyusluğunu gizlətməyib: "Birinci ildir ki, Premyer Liqada mübarizə aparırlar və nəticələri çox yaxşıdır. Bu komandadan 7-8 xal arxada olmağımız bizə məyus edir. Digər tərəfdən, sevindirici haldır ki, "Zirə" çempionata rəng qatır. Hər bir klubla başabaş mübarizə aparır, qalib gəlir. Bu da normaldır. Bütün komandalarımız bu səviyyədə olsa, sözsüz ki, çempionatın səviyyəsi artacaq. Ancaq bu gün 4-5 komanda bir-birinə rəqibdir. "Zirə" ilə qarşıda bir oyunumuz var. Üstəlik, onların da bir neçə çətin oyunları qalıb. Heç kim bizim "Rəvan"a məğlub olmağımıza inanmazdı. Ancaq bu, futboldur. Hər şey qarşıdadır, əlimizdən gələni edib, adımıza layiq mövqeni tutmalıyıq".

Son xəbərlər

Orphus sistemi