Nizami Hacıyev: "Hakimin səhvi varsa, aidiyyatı qurumlar cəzasını verəcək" - MÜSAHİBƏ

Nizami Hacıyev: "Hakimin səhvi varsa, aidiyyatı qurumlar cəzasını verəcək" - MÜSAHİBƏ "Keşlə"nin kapitanı: "Mənim işim qol vurmaqdır"
Futbol
4 Noyabr , 2017 23:19
Nizami Hacıyev: Hakimin səhvi varsa, aidiyyatı qurumlar cəzasını verəcək - MÜSAHİBƏ

Bakı. 4 noyabr. REPORT.AZ/ "Keşlə" futbol komandasının kapitanı Nizami Hacıyev "Sumqayıt"a 1:3 hesabı ilə uduzduqları Topaz Premyer Liqasının XI tur matçından sonra brifinq keçirib.

Təcrübəli yarımmüdafiəçi "Report"un da suallarını cavablandırıb:

- Yeni baş məşqçi gəldi, amma yenə məğlub oldunuz...

- Ramiz Məmmədov 3-4 gündür komandaya baş məşqçi təyin olunub. Kollektivdə artıq özünəinam hiss olunur. Şəxsən mən bunu görürəm. Bizim üçün də ilk növbədə, bu inamı geri qaytarmaq lazımdır. 

Oyun haqda nə deyə bilərəm? Rəqib yaxşı komandadır, fərdi planda güclü futbolçuları var və yaxşı müqavimət göstərirlər. Yəqin ki, yeni baş məşqçimizin işi növbəti oyunlarda görünəcək. Çünki 5 oyun ardıcıl uduzan komandanın başına gəlib bir oyunla hər şeyi düzəltmək mümkün deyil. Amma inanıram ki, növbəti oyunlarda Ramiz müəllim komandanı düşdüyü durumdan çıxara biləcək. 

3-4 günə çox böyük dəyişiklik etmək mümkün deyil. Belə vəziyyətdə Joze Mourinyo da gəlsə, qısa vaxtda nəticə qazana bilməz. Qarşıda 2 həftəlik fasilə yaranacaq və yəqin ki, bu fasilə də bizim xeyrimizə olacaq. Biz də gərək nəticə qazanması üçün baş məşqçiyə kömək edək.

- Dedin ki, komandada özünəinam yaranıb. Amma bu gün müdafiə xəttiniz çox bərbad oynadı. Adrian Skarlatake və Denis Silva Kruz kimi təcrübəli futbolçular topu öz qapılarına vurdu...

- Bəli, səhvlərimiz oldu və belə səhvlərə haqq qazandırmıram. İki qolu özümüz öz qapımıza vurduq. Amma futbolda səhv olur. Milyonluq qiyməti olan futbolçular da səhv edir. Səhv varsa, bütün komanda günahkardır. Məsələn, biz hücumda top itirib rəqibə hücum imkanı verməsəydik, heç o qollar da olmazdı. Əsas odur ki, həmin səhvlərin üzərində işləyib nəticə çıxaraq.

- Vurduğun qolda açıq-aşkar ofsayd var idi. Həmin epizodla bağlı nə deyə bilərsən?

- Mənim işim qol vurmaqdır. Onu qeydə alıb-almamaq hakimin işidir. Bu epizodda da nə hakimi günahlandırmaq istəyirəm, nə də özümü. Ən azı, mən tərəfdən düzgün olmazdı. Yenə deyirəm, mənim işim qol vurmaqdır. Fit yoxdursa, oynamalısan. Hakimin səhvi varsa, buna görə aidiyyatı qurumlar onun cəzasını verəcək.

- Zədə səbəbindən əvvəlki oyunlarda çıxış etmirdin. Amma Zaur Svanadze gedən kimi meydana çıxdın və 90 dəqiqə oynadın, qol vurdun. Sənə elə gəlmir ki, bu, əlavə söhbətlərə yol aça bilər?

- İnanmıram ki, mənə qarşı elə söhbətlər olsun. Hamınız məni tanıyırsınız. İstər meydanda, istərsə də ondan kənarda. Həyatım boyu yalan danışmamışam. Mənim baş məşqçi ilə problemim olsa, bunu açıq şəkildə deyərəm.

Kaxaber Tsxadadzenin vaxtında onunla işləmək istəmirdim, problemimiz var idi və özüm gedib xahiş etmişdim ki, məni göndər əvəzedici komandaya. Svanadze ilə də problemim olsaydı, bunu birbaşa özünə bildirərdim. Gedib ya əvəzedici komandada oynayardım, ya da heç oynamazdım. Yoxsa zədəni bəhanə edib oynamamaq kişilikdən deyil.

Bu gün sübutlar, faktlar var. İki dəfə Gürcüstana müalicəyə getmişəm. Tsxadadzenin vaxtından bizdə Merab həkim var idi, ayağıma iynələr vurub. Sabah yenə Gürcüstanda olmalıyam. Deyirlər qruplaşma-filan. Bunu mən də eşidirəm. İnanın, bu gün Ramiz Məmmədov kiməsə desə ki, oynama və həmin futbolçu oynamasa, demək, sabah eyni addımı başqa baş məşqçinin sözü ilə Ramiz Məmmədovun özünə qarşı da edə bilər. Ona görə də bunlar hamısı boş söhbətlərdir.

- Diqqət yetirdik, hamının geyimində "Keşlə”nin loqosu var, amma səndə hələ də "İnter”in loqosudur. Bu, "İnter” bağlılıqdan irəli gəlir, yoxsa...?

- Hələlik formalarımı loqo vurulması üçün verməmişəm və ona görə hələ də damarımda axan qan "İnter”in qanıdır (gülür). 8 il bu klubun şərəfini qorumuşam, burada böyük şeylərə nail olmuşam. Ümid edirəm ki, "Keşlə" ilə də uğurlarımız olacaq. Amma "İnter"in qəlbimdəki yeri başqadır.

- Yəqin ki, bundan sonra milliyə dəvət alacağına ümid edirsən...

- Ümidvaram. Özüm də bunun üçün çalışacağam. İlk növbədə, Qurban Qurbanovu təbrik edir, ona uğurlar arzulayıram. Hamımız bilirik ki, istər futbol, istər dini tərəfdən Qurban müəllim ədalətli insandır. Yəqin ki, millidəki seçimində də ədalətli olar. Dəvət olarsa, biz də gedib can-başla oynayarıq. Robert Prosineçkinin vaxtında dəqiq bilirdim ki, çağırılmayacağam. Amma indi şansım var və bu şansdan oyunumla istifadə etməliyəm. Danışmaqla heç kimi milliyə çağırmırlar.

Son xəbərlər

Orphus sistemi