Yuxarı

Nikola Yurçeviç: "Tarixin ən böyük sensasiyalarından birinə imza ata bilmədik"

Nikola Yurçeviçdən Xorvatiya açıqlaması
© Report/Elchin Murad

“Futbol ictimaiyyəti və AFFA paytaxt Zaqrebdə Xorvatiyaya problem yaratmağımızdan razı qalıb. Təəssüfləndirici məqam odur ki, tarixin ən böyük sensasiyalarından birinə imza ata bilmədik”.

“Report” xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç “Jutarnju List”ə müsahibəsində AVRO-2020-nin seçmə mərhələsinin I turunda səfərdə Xorvatiya yığmasına 1:2 hesablı məğlubiyyət haqqında danışarkən deyib.

53 yaşlı xorvatiyalı mütəxəssis bildirib ki, Azərbaycan millisi Litva ilə yoldaşlıq görüşündə qələbə şansından yararlana bilməyib: “Ancaq hər şey qaydasındadır. Biz bütün komandalar üçün güclü rəqib olmağa çalışacağıq. Hərçənd, seçmə mərhələdə qrupumuzun autsayderiyik. Xorvatiya, adətən, seçmə mərhələlərdə favorit olur. Yığma əksər hallarda final mərhələsinə vəsiqə qazanır. Bu komandanın əsas üstünlüyü qeyri-adi enerjisi, fantastik keçidlər və əks-hücumlarıdır. Bütün bunları Rusiyada keçirilən dünya çempionatında gördük. Bilirdim ki, mökhəm müdafiə xəttimiz olsa, Xorvatiyanın problemləri üzə çıxacaq və 5-6 qol imkanımız yaranacaq. Belə də oldu. Bir qol vurduq və əlavə də fərqlənə bilərdik. Məqsədimiz rəqibin cinah hücumlarının qarşısını almaq idi. Futbolçularımız İvan Perişiç, Borna Barişiçə və digərlərinə mane olmağı bacardılar. Sonda Andrey Kramariç hiyləgər zərbə vurdu. Onun barəsində də futbolçulara xəbərdarlıq etmişdik. Lakin saxlamaq mümkün olmadı”.

N.Yurçeviç Xorvatiya yığmasının II turda səfərdə Macarıstana 1:2 hesabı ilə uduzmasına təəccübləndiyini də əlavə edib.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyunlarını iyunda AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində keçirəcək. Yığma ayın 8-də Macarıstan, 11-də isə Slovakiyanı qəbul edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi