"Neftçi" rəsmisi: "Əsas məsələ "Qarabağ"la oyundan qalib ayrılmaqdır"

"Neftçi" rəsmisi: "Əsas məsələ "Qarabağ"la oyundan qalib ayrılmaqdır" Elnur Məmmədov: "Oyunlarımıza ailəsi ilə gələn jurnalistlərə ayrıca yerlər ayırmaq istəyirik"
Futbol
16 Fevral , 2015 10:40
Neftçi rəsmisi: Əsas məsələ Qarabağla oyundan qalib ayrılmaqdır

Bakı. 16 fevral. REPORT.AZ/ "Qış fasiləsindən sonra axsamalar oldu. Ancaq "Xəzər Lənkəran"la oyundan sonra komandamız toparlandı. "Qəbələ" ilə görüşdə də bunun şahidi olduq. İlk hissədə qol buraxmağımıza baxmayaraq, toparlandıq və qələbə qazandıq. Artıq 2 oyundur ki, qalib gəlirik. Komandamız böyük əzmkarlıq göstərir. Ümid edirəm ki, bu qələbələrin ardı gələcək".  "Report"un məlumatına görə, bunu "Neftçi" futbol klubunun vitse-prezidenti Elnur Məmmədov "Qəbələ" ilə Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. 

Səfərdə 3:1 hesablı qələbəyə nail olan flaqmanın rəsmisi bildirib ki, qarşıda daha çətin oyunlar olacaq: "Demək olar ki, çempionatda zəif komanda yoxdur. Hər bir klubdan istənilən sürprizi gözləmək olar. Güclü komanda üçün turnir cədvəlində ondan geridə olan rəqiblə oyunda köklənmək çətindir. Bunların hamısını nəzərə almaq lazımdır. İnanırıq ki, bu sürətlə də davam edəcəyik".

Premyer Liqanın lideri "Qarabağ"la aradakı 10 xallıq fərqi azaltmağa çalışacaqlarını söyləyən E.Məmmədov əsas diqqətlərini Ağdam komandası ilə növbəti oyuna yönəldəcəklərini bildirib. O, hər oyuna qələbə üçün çıxdıqlarını xatırladıb: "Hər bir komandanın iddiası var. Biz bütün oyunlarda qələbəyə iddialıyıq. "Qarabağ" hesabat turunda "Simurq"a qalib gəldi. Ancaq arada 10 xal fərq mövcuddur. Biz bu fərqi azaltmağa çalışacağıq. Qarşıda AZAL-la təxirə salınmış oyunumuz da var. Əsas məsələ isə fevralın 19-da "Qarabağ"la keçirəcəyimiz matçdan qalib ayrılmaqdır".

Vitse-prezident Araz Abdullayevdən sonra Ernest Nforun da əvəzedci heyətə göndərilərək tezliklə bağışlanmasına da münasibət bildirib. Onun fikrincə, burada qeyri-ciddi addımdan söhbət gedə bilməz: "Bizim komandada çoxlu gənc oyunçu yetişir. Bu gün hər hansı futbolçunun əzmkarlığı olmadıqda, o, intizamı pozduqda media bunu şişirtməyə başlayır. Sadəcə, futbolçu əzmkarlıq göstərmirsə, ona cəza tətbiq olunmalıdır. Ən yaxşı variant isə onun əvəzedici heyətə göndərilməsidir. Bu zaman həm formada qalır, həm oynayır, həm də üzərində çalışır. Nfor əvəzedici heyətdə yaxşı oynadı və qol da vurdu. Yenidən baş məşqçi ilə danışdı və hazır olduğunu bildirdi. Bu da ümumi qəbul olunmuş bir metoddur".

"Neftçi"yə daim təzyiqlərin olduğunu bildirən klub rəsmisi axsama olan kimi müəyyən mülahizələrin səsləndirildiyini vurğulayıb. Onun fikrincə, belə proseslər həmişə oyunlardan əvvəl baş verir. E.Məmmədovun sözlərinə görə, "Qəbələ"yə məğlubiyyət təqdirində Arif Əsədovun istefaya göndəriləcəyi barədə xəbərlər məşqçilər korpusuna təzyiqlərdən qaynaqlanır. O, belə məsələlərdə daim komandanın yanında olduqlarını bildirib: "Bu cür xəbərlər çox olur. Ancaq gördüyünüz kimi, heç bir dəyişiklik yoxdur və hamımız öz yerimizdə işləyirik". 

"Azarkeşə söz vermək çox çətindir. O məsələyə dair söz verirsən ki, birbaşa səndən asılıdır. Amma bu, futboldur və burada zəmanət yoxdur. Amma "Neftçi" klubu olaraq söz verə bilərik ki, əlimizdən gələni edəcəyik ki, uğur qazanaq" deyən E.Məmmədov "Neftçi" azarkeşlərinin azlığına dair sualı da cavablandırıb. Onun fikrincə, bu tendensiya bütün klubların oyunlarında müşahidə olunur: "Bundan öncə "Xəzər Lənkəran"la oyunumuzda azarkeşlərin sayı artmışdı. Bu gün onların sayının azalması bütövlükdə futbolumuzda müşahidə olunur. Səbəbləri çoxdur və bununla bağlı müəyyən işlər görürük. Yavaş-yavaş da effektini görürük. Plnlarımız çoxdur. Biz hər bir təklifə açığıq. Keçən dəfə jurnalistlər üçün şəraitin yaradılması məsələsini müzakirə etdik. İstəyirik mətbuatla belə bir mövzunu müzakirə edək ki, onlar ailəsini stadiona gətirmək istəyəndə, ayrıca yerlər ayrılsın".

Lakin klub rəsmisi fasilədə paltardəyişmə otağına girərək futbolçulara dediyi sözləri açıqlamaq və klub prezidentinin müşaviri Elnur Əşrəfoğluna qadağa qoymasına dair xəbərləri şərh etmək istəməyib: "Bu, bir az təxribat xarakterli sual oldu. "Neftçi" bir komandadır. Komanda deyəndə, yalnız meydandakı 11 oyunçu nəzərdə tutulmur. Klubun hər bir işçisi bura daxildir. Əsas məsələ ondadır ki, komanda paltardəyişmə otağında toparlandı və ikinci hissədə öz oyununu göstərdi. Elnur Əşrəfoğlu ilə bağlı məsələyə gəlincə, sizin bütün suallara cavab verdim və ixtiyarım var ki, bu suala cavab verməyim".

Qeyd edək ki, hazırda "Neftçi" Azərbaycan Premyer Liqasında 19 oyundan 33 xalla 3-cü pillədə qərarlaşıb. Lider "Qarabağ"ın 43, ikinci pillədəki "İnter"in isə 36 xalı var. 

Son xəbərlər

Orphus sistemi