Yuxarı

"Neftçi"nin yeni transferi: "Moldovada "Sperantsa"ya qarşı oynamadığım üçün üzgünəm" - MÜSAHİBƏ

"Neftçi"nin yeni transferi: "Moldovada "Sperantsa"ya qarşı oynamadığım üçün üzgünəm" - MÜSAHİBƏ

"Bilirdik ki, rəqib əsasən arxa xətdə yaxşı oynayır, demək olar, yalnız müdafiə olunur. Buna uyğun əla hazırlaşmışdıq. Gördüyünüyüz kimi, yaxşı oynadıq və layiqli qələbə qazandıq".

Bunu "Report"a müsahibəsində "Neftçi"nin futbolçusu Voislav Stankoviç Moldovada "Sperantsa"ya 3:0 hesabı ilə qalib gəldikləri Avropa Liqasının I təsnifat mərhələsinin ilk görüşü barədə danışarkən deyib. Serbiyalı müdafiəçi digər sualları da cavablandırıb...

Komandanız belə inamlı qələbə qazansa da, kefsiz olduğunuz gözümüzdən yayınmır. Bu, oynamadığınıza görədir?

- Əlbəttə, oynamadığım üçün üzgünəm. Heç kim ehtiyat oyunçular skamyasında oturmağı sevmir. Lakin futbolda belə də olur. Nə deyə bilərəm?! Baş məşqçi belə qərar verdi ki, məni ehtiyatda saxlasın. Belə olan halda, görüşü kənardan izləməli oldum.

Bu, Sizin üçün gözlənilməz olmadı?

- Gözləyirdim ki, oynayacağam. Ancaq nəzəri hazırlıqda öyrəndim ki, əsas heyətdə kənarda qalacağam, vəssalam. Bunu normal qarşıladım. Nə edə bilərəm?

Mərkəz müdafiəçisi mövqeyinizdə Mamadu Mbocla Kiril Pterov çıxış edir. Onlarla rəqabət necə gedir?

- Yaxşı futbolçulardır. Amma eyni zamanda öz səviyyəmə, potensialıma inanıram. Bunu artıq burada göstərmişəm, xeyli vaxtdır Azərbaycanda çıxış edirəm. "Neftçi"yə oynamaq üçün gəlmişəm, ehtiyatda oturmağa yox.

Roberto Bordin necə baş məşqçi, necə insandır?

- Hər bir baş məşqçinin özünəməxsus iş üslubu olur. Bordində fərqli hazırlıqdır - daha çox qaçır, hərəkət edirik, taktiki çalışmalar olur. Buna öyrəşmişəm və bir futbolçu olaraq baş məşqçinin istədiklərini yerinə yetirməliyəm.

Türkiyədəki yoxlama matçlarında az oynadınız. Bu durum motivasiyanızı aşağı salır, yoxsa əksinə, sizi öz üzərinizdə daha çox çalışmağa sövq edir?

- Əsas heyətdə yer uğrunda mübarizə aparmalıyam. Bunun üçün baş məşqçiyə özümü ən yaxşı tərəfdən göstərməliyəm ki, məni start "11-liy"inə qoysun. İndiki vəziyyət mənə daha çox motivasiya verir. Yəni, daha yaxşı hazırlaşmalıyam. Ümid edirəm ki, əsas heyətdə çıxış edəcəyəm.

Ümumiyyətlə, Azərbaycanın ən tanınmış, adlı-sanlı klubu olan "Neftçi"nin formasını geyimmək Voyislav Stankoviç üçün nə deməkdir?

- Əlbəttə, bilirik ki, "Neftçi" yaxşı, böyük tarixə malik köklü klubdur. Bu komandanın heyətində özümü yaxşı hiss edirəm. Sadəcə, hazırda əsas heyətə düşməməyina görə məyusam. Lakin bu, yeni mövsümün ilk rəsmi matçıdır, hələ mövsüm qarşıdadır. Ümid edirəm ki, istəyimə çatacağam.

"Sperantsa"nı demək olar keçmisiniz. Rusiya "Arsenal"ını da keçə bilərsiniz?

- Bilmirəm. İndi bu haqda danışmaq olmaz. Əvvəlcə "Sperantsa" ilə cavab matçını keçirmək lazımdır.

Hər halda, evdə çıxış edəcəksiniz, 3:0-dan sonra formal qarşılaşma olacaq...

- İstənilən halda, hələ ilk mərhələdi. Bunu keçək, sonra "Arsenal"a baxarıq.

Bəs keçmiş komandanız "Qəbələ"ni zəifləmiş heyəti ilə Gürcüstan "Dinamo"sunu keçmək gücündə olduğunu sanırsınız?

- "Qəbələ"də çoxlu dəyişiklik olub, gənc futbolçular gəlib. Görürəm ki, yaxşı hazırlaşırlar, 2-3 yoxlama matçları keçiriblər, pis nəticələri olmayıb. "Qəbələ"yə Avropa Liqasında azarkeşlik edəcəyəm. Ümid edirəm ki, yaxşı oynayaraq mərhələni keçəcəklər. Bu, çətin olacaq. Çnüki Tbilisi "Dinamo"su yaxşı komandadır.

"Qəbələ" ilə ilin sonunadək müqaviləniz var idi. "Neftçi"yə keçməyə görə kompensasiyanı özünüz verdiniz, yoxsa..?

- Bəli, "Qəbələ" ilə hələ 6 aylıq müqaviləm vardı. Mənə dedilər ki, növbəti mövsümdə büdcə aşağı olacaq, məcavibi vermək gücündə deyillər. Ona görə diqqətimə çatdırdılar ki, variant olsa, səni buraxacağıq, keçidinə problem yaratmayacağıq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi