"Neftçi"nin vitse-prezidenti: "Klubdaxili məsələləri bu dərəcədə işıqlandırmaq peşəkarlıq deyil"

"Neftçi"nin vitse-prezidenti: "Klubdaxili məsələləri bu dərəcədə işıqlandırmaq peşəkarlıq deyil" Elnur Məmmədov Elnur Əşrəfoğlunun danışmasına qadağa qoyduğuna dair xəbərlərə aydınlıq gətirib
Futbol
11 Dekabr , 2014 17:44
Neftçinin vitse-prezidenti: Klubdaxili məsələləri bu dərəcədə işıqlandırmaq peşəkarlıq deyil
Bakı, 11 dekabr. REPORT.AZ/ "Mən həqiqəti deyəcəyəm. Araz Abdullayev və Elvin Yunuszadə cəzalanandan sonra Elnur Əşrəfoğlu bununla bağlı bir qəzetdə fikir bildirmişdi. Onların cəzalanmalı olduğunu söyləmişdi". Bunu "Report"a açıqlamasında "Neftçi"nin vitse-prezidenti Elnur Məmmədov deyib. 

O, klub prezidentinin müşaviri Elnur Əşrəfoğlunun danışmasına qadağa qoyduğuna dair xəbərlərə aydınlıq gətirib. E.Məmmədov bildirib ki, AFFA İntizam Komitəsi tərəfindən cəzalandırıldığı vaxt klubun hansısa üzvü barədə açıqlama vermək məntiqi cəhətdən düzgün deyil: "Çünki Elnurun özü AFFA-nın İntizam Komitəsi tərəfindən cəzalandırılıb. Cəzalanan insan çalışdığı klubun üzvü haqda bu cür fikir bildirməməlidir. Bunun onunla da müzakirə etdik. Bu klubun mətbuat xidməti var və peşəkarlıqdan danışırıqsa, bu sualları mətbuat xidməti cavablandırmalıdır. Elnur da bizimlə razı olduğunu bildirdi. Onun əvvəllər idman jurnalisti olması, onun jurnalistlərlə danışmaq istəyi və bunun da nəticəsində verdiyi cavab media tərəfindən birmənalı qarşılanmayıb. Hamı bu məsələni öz istədiyi kimi təhrif etməyə başlayıb". 

Vitse-prezidentin fikrincə, "Neftçi"dən çıxan məlumat klubun öz məhsuludur, bunun üçün sponsor pul ayırır, media qurumları isə həmin məhsulu əldə etmək istəyir: "Media qurumları bizim məhsulun lazımı keyfiyyətdə olmasına zəmanət verirlərsə, biz onlarla bu məhsulu bölüşürük. Digər tərəfdən, sual verilə bilər ki, bu "xalq komandası"dır, necə ola bilər axı? Baş məşqçi, komanda ilə bağlı məlumatlarda heç bir məhdudiyyət qoyulmur. Stadionumuzda qarışıq zona yaradıldı ki, oyunçularla orada görüşülsün. Baş məşqçinin fikirləri rəsmi saytımız vasitəsilə oxuculara təqdim edilir. Qaldı daxili məsələlərə, onları bu dərəcədə işıqlandırmaq peşəkarlıq deyil". 

Qeyd edək ki, Elnur Əşrəfoğlu Topaz Premyer Liqasında XII turun "Simurq”la oyunu başa çatdıqdan sonra AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu geniş kütlə qarşısında təhqir edib. Həm bu hərəkətinə, həm də təhqirlərini KİV vasitəsilə də davam etdiritdiyinə görə onun stadiona girişinə 10 oyunluq qadağa qoyulub, klub 20 000 manat cərimələnib. 

Son xəbərlər

Orphus sistemi