Yuxarı
    Bağlamaq

    ​"Neftçi"nin təlim-məşq bazasında ot örtüyü yenilənib

    Elnur Məmmədov: Bazamız yalnız məşqlər üçün olmayacaq

    Bakı. 19 mart. REPORT.AZ/ "Neftçi" klubuna məxsus Bakıxanov qəsəbəsində yerləşən təlim-məşq bazasında təmir işləri davam etdirilir. "Report"un məlumatına görə, artıq meydançanın ot örtüyü yenilənib.

    Görülən işlər haqda məlumat verən klubun icraçı direktoru Elnur Məmmədov jurnalistlərə açıqlamasında təbii örtüklü 3 məşq meydançasının nəzərdə tutulduğunu bildirib. Onun sözlərinə görə, bu meydançalardan birinin kənarları qapalı olacaq ki, bu da komandanın taktiki hazırlıqlarının kənardan müşahidə olunmamasına şərait yaradacaq: "Artıq ot örtüyünün yenilənməsi başa çatıb. Otun istifadəyə yararsız hala düşməməsi üçün onun alt qatında lazımi işlər görülüb. Meydançaların uzunluğu 105, eni isə 68 metr olacaq. Burada əsas və "Neftçi"nin digər yaş qruplarına aid komandalar məşq edə biləcəklər. Burada heç bir oyun keçirilməyəcək. Stadion yalnız komandalarımızın məşqləri üçün nəzərdə tutulub. Meydançaların kənarında tribunalar olmayacaq. Üstəlik, ərazidə 2 kiçik süni örtüklü meydança da olacaq".

    E.Məmmədov bazada görüləcək digər yenidən qurma işlərindən danışıb: "Tikinti işləri yerli şirkətlər tərəfindən həyata keçirilir. İnzibati binanın tikintisi davam edir. Binanın 3-cü mərtəbəsi əsas komandaya məxsus olacaq. Hansısa bir problemlə üzləşməməsi üçün futbolçuların giriş-çıxışlarının da ayrı olması nəzərdə tutulub. Binanın birinci mərtəbəsində akademiya fəaliyyət göstərəcək. Digər mərtəbələrdə isə müxtəlif yaş qrupları və ofislər olacaq. Üstəlik, bizim bölgələrdən gələn futbolçularımızın qalması üçün xüsusi otaqlar da fəaliyyət göstərəcək. Bina ümumilikdə 6 mərtəbə olacaq. Stadionda 2 süni meydança da olacaq ki, burada müxtəlif yaş qruplarının məşqləri keçiriləcək. Bazamız yalnız məşqlər üçün olmayacaq. Həm də buraya gələn valideynlər üçün də şərait yaradılacaq. Bu məqsədlə restoran, şəbəkə mağazaları, istirahət üçün məkanlar da fəaliyyət göstərəcək".

    Tikintinin "Neftçi" klubunun 80 illiyinə hazır olacağını söyləyən icraçı direktor işin maddi tərəflərini açıqlamayıb. O bildirib ki, işlər hissə-hissə aparıldığından, hələlik nə qədər məbləğin xərclənəcəyini demək olmaz: "İşlər tam bitəndən sonra ictimaiyyətə hesabat veriləcək". 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi