Bakı. 13 iyul. REPORT.AZ/ "Neftçi" komandasının sabiq futbolçusu Karlos Kardozo İranın "Traktorsazi" klubu ilə müqavilə bağlayıb. "Report"un "Fars" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, artıq 31 yaşlı müdafiəçi Cənubi Azərbaycan təmsilçisinin heyətində ilk məşqə çıxıb.
O, "qırmızılar"ın yay transfer dövründə anlaşdığı ilk legioner olub. Kardozo yeni komandası ilə birgə iyulun 14-də səhər saatlarında Türkiyəyə 10 günlük təlim-məşq toplanışına yollanacaq. Hazırlıq prosesi çərçivəsində "Traktorsazi" 2 yoxlama matçı keçirəcək.
Qeyd edək ki, Karlos Kardozo "Neftçi"də 2013-cü ilin yayından çıxış edib. O, iki mövsümə 51 oyunda 4 qol vurub.